Deputat həmkarının əvəzinə üzr istədi

  • By admin
  • 26 Dekabr 2016 15:45
cingiz 
“Əvvəla, biz deputatların olduqca həssas məsələlərdə səhv  etmək ixtiyarı yoxdur. Biz seçilmiş insanlarıq. Ona görə də hər bir kəlməni, ifadəni işlədərkən düşünməliyik ki, bu necə əks-səda verəcək. Eyni zamanda, fikirlərimizi ifadə edərkən, hansı vəziyyətdə olmağımızı da nəzərə almalıyıq. Hansısa bir vəziyyətdə fikirləri qırıq-qırıq, tam olmayan formada ifadə etdikdə ortaya problemlər çıxacaq”. 
Gununsesi.info xəbər verir ki, bu fikri millət vəkili Çingiz Qənizadə deputat Astan Şahverdiyevin  məcburi köçkün və qaçqınları, eyni zamanda  Rusiyaya işləməyə gedən soydaşlarımızı aşağılmasına mövqeyini açıqlayarkən deyib.
Millət vəkili  Astan Şahverdiyevin səsləndirdiyi fikirlərlə bağlı iki məqama  münasibətimi bildirərək deyib ki,  birincisi, Biləsuvarda baş verən hadisələrlə bağlı Astan müəlllim qeyd edir ki, “Hakimiyyətdən narazı bir qrup insanlar var” və s. “Qeyd edim ki, mətbuatdan əldə etdiyimiz məlumatlara görə, oradakı insanlar dövlətə, dövlətçiliyə sadiq insanlardır. Sadəcə, kommunal xərclərə görə  baş verən müəyyən problemlə bağlı etirazlarını bildiriblər. Etirazlarını bir az emosional formada bildiriblər. Təbii ki, buna hüquqi qiymət veriləcək. Amma ora toplaşan bütün insanları dövlətə, hakimiyyətə qarşı çıxan kimi qələmə vermək yolverilməzdir.  İkincisi, ən böyük qüsur  Rusiyada, eləcə də, dünyanın hansısa ölkəsində işləyən insanlarımızı kobud formada qələmə verməkdir. Rusiyada yaşayan onlarla, yüzlərlə insan tanıyıram. Onların içində çoxsaylı dostlarım, qohumlarım var. İqtisadi problemlərlə bağlı daha çox qazanc əldə etmək məqsədilə Rusiyaya gediblər və Azərbaycan dövlətini, dövlətçiliyini cənab prezidentimizin siyasi xəttini də dəstəkləyirlər. Yeri gələndə, orada cəmiyyətlər, təşkilatlar, mədəniyyət mərkəzləri  yaradıb, fəaliyyət göstərirlər. Ölkə ilə bağlı tədbirlər keçirirlər. Bu insanların içərisində ali təhsilli, savadlı ziyalılarımız var. Lazım gələndə ailəni saxlamaq üçün onlar ticarətlə də məşğul ola bilərlər. Burada qəbahət heç nə yoxdur”.
Deputat həmkarının işlətdiyi ifadəyə görə üzr istəyən Çingiz Qənizadə  bildirib ki,  halal yolla ailəsini, balasını dolandırmaq üçün çöllərə düşən insanları cəmiyyətin “otxod”ları adlandırmaq yolverilməzdir:“Mən də deputatam. Bir millət vəkili olaraq soydaşlarımızın bu formada alçaldılmasına görə üzr istəyirəm”.
Millət vəkili onu da əlavə edib ki, insanları belə fikirlər və  ifadələr işlətməklə aşağılamaq olmaz: “Vaxtilə Qarabağda döyüşmüş, torpaqlarımızn müdafiəsində can qoymuş gözəl ailələrdən çıxmış, kifayət qədər ləyaqətli, cəsarətli, ziyalı insanlarımız Rusiyada və digər ölkələrdə çalışıb, ailələrini dolandırırlar. Bir şeyi də nəzərə almaq lazımdır ki, bu insanların orada olması ilə kasıbçılığın aradan qaldırılmasına xidmət edən məqamlar da var. Onlar pul qazanıb ailələrinə göndərirlər. Ona görə də bu cür fikirlərin işlədilməsinə qəti etirazımı bildirirəm”.
Millət vəkili  yaranmış fürsətdən istifadə edərək  edib dünyada yaşayan azərbaycanlıların qarşıdan gələn Yeni il və Həmrəylik bayramlarını təbrik edib və  onlara yeniliklər, bol ruzi-bərəkət arzulayıb.
 Mürtəza
Gununsesi.info