Deputat: “Kılıçdaroğlu məğlub oldu, Türkiyə qazandı”

  • By admin
  • 30 May 2023 11:57

“28 may seçkilərində müdrik türk xalqı öz siyasi müqəddəratını təyin etdi, qardaşlarımız təkcə Türkiyənin deyil, türk dünyasının inkişafına səs verdilər. Seçkilər nəticəsində PKK/FETÖ terror təşkilatları məğlub oldu, Mehmetçik və Bayraktar qalib gəldi”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamal Cəfərov parlamentin mayın 30-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyəni dini və etnik kontekstdə bölməyə çalışanlar, bölücülük və şər məğlub oldu, türk milləti qazandı:

“Kılıçdaroğlu məğlub oldu, Türkiyə qazandı. Əlbəttə, yaxşı gündə əsl dost, əsl qardaş ən azı onun qədər sevinəndir. Azərbaycan xalqı da, dövləti də seçkini yaxından izləyirdi və biz türk millətinin qələbəsinə inanırdıq. Təsadüfi deyil ki, seçkinin birinci turunda da, ikinci turunda da həmkarına ilk zəng edən, təbrik edən Prezident İlham Əliyev oldu. “bir millət, iki dövlət” anlayışını sözün əsl mənasında sübut edən, Türkiyə və Azərbaycan arasındakı münasibətləri “bir yumruq” zirvəsinə çatdırmağı bacaran Azərbaycan Prezidenti İlham Əliyev bütün dünyaya əsl qardaş, etibarlı dost necə olmalıdır, bir daha sübut etdi”.

Gununsesi.info