“Deyilənlər həqiqəti əks etdirmir…” - OMBUDSMAN APARATINDAN ƏFLATUN AMAŞOVA CAVAB GƏLDİ

  • By admin
  • 09 Mart 2017 13:50

ombud-5

“Yaxşı olardı ki, Əflatun Amaşov bu fikri səsləndirəndə konkret faktlarla deyəydi”

“Ümumiyyətlə, qanunda “İnformasiya Ombudsmanı”, “Media Ombudsmanı”   haqqında belə bir anlayış yoxdur. Odur ki, millət vəkili Əflatun Amaşovun bu haqda söylədikləriylə  razılaşmırıq və sadəcə, subyektiv fikrə hörmətlə yanaşırıq.  Yaxşı olardı ki, Amaşov bu fikri səsləndirəndə konkret faktlarla deyəydi”.

Bu haqda Gununsesi.info-ya  Ombudsmanın Aparat rəhbəri  Aydın Səfixanlı millət vəkili Əflatun Amaşovun İnformasiya məsələləri üzrə Ombudsman təsissatının yaradılmaması və son 7 il müddətində mövcud istiqamətdə əməli iş görülməməsiylə bağlı məlum çıxışına münasibət bildirərkən belə deyib.

Aparat rəhbəri qeyd edib ki,  Azərbaycan Respublikasının İnsan Hüqquqları Müvəkkili üzrə Konstitusiya qanununda belə bir anlayış yoxdur:

“Müvəkkilə İnformasiya Ombudsmanı  səlahiyyətlərinin verilməsiylə bağlı da belə bir müddəa yoxdur. Əgər qanunun 1.3 maddəsinə baxsaq, orada konkret göstərilir ki, Müvəkkil “İnformasiya sahibi olan dövlət  və yerli özünüidarəetmə orqanlarının  və vəzifəli şəxslərin informasiya əldə etmək haqqında”  qanun tələblərindən irəli gələrək, vəzifənin yerinə yetirilməsinə nəzarəti həyata keçirir. Yəni,  bu, gün Müvəkkilə verilən  səlahiyyət, bu sahədəki fəaliyyət  informasiya  sahibi olan dövlət  və yerlli özünü idarəetmə orqanlarının  və vəzifəli şəxslərin həmin o qanunun icrasına  nəzarətlə bağlıdır.  Odur ki, burada hər hansı insan Media Ombudsmanı  deyildiyində bunun yalnız KİV-ə aid olduğunu düşünür.

Lakin bu qanun ölkənin bütün vətəndaşlarına aiddir.  Bu informasiya sorğusuyla  istənilən Azərbaycan vətəndaşı, hətta vətəndaşımız olmayan  əcnəbi vətəndaş da Ombudsmana müraciət edə bilər.  Qanunun 13-1 maddəsində də İnformasiya Hüququnun pozulmasıyla bağlı şikayətlərə baxılması xüsusiyyətləri göstərilib ki, Müvəkkil hansı işləri görürür.  O ki qaldı Müvəkkilin bu sahədə fəaliyyət göstərməməsiylə bağlı deyilənə, bu həqiqəti qətiyyən əks etdirmir. Ümumiyyətlə, millət vəkili Əflatun Amaşovun və digərlərinin bununla bağlı söylədiklərini onların subyektiv fikri kimi qəbul edirəm. Hər bir kəsin öz subyektiv fikri var”. 

elmira

O, qeyd edib ki, Müvəkkilə bugünədək  İnformasiya əldə etmək hüququnun reallaşdırılmasıyla bağlı 10-la müraciət daxil olub.

“Bu müraciətlər də icraata qəbul edilərək, faktiki olaraq təhlil aparılıbdır. Dövlət qurumlarına bununla bağlı sorğular göndərilibdir.  Eləcə də, müraciətlərin təmin olunması istiqamətində də işlər görülüb. Bir çox müraciətlər də  öz həllini tapıbdır. Bundan başqa Müvəkkil,  məhz, bu Qanunda ona verilən  səlahiyyətlər əsasında  informasiyaya sahib olan dövlət qurumlarıyla, vətəndaş cəmiyyətinin  üzvü olan nümayəndələriylə, media hüququ  üzrə tanınmış ekspertlərlə  davamlı olaraq, bir neçə dəfə  silsilə məsləhətləşmələr  aparıb.

 O cümlədən,  burada Mətbuat Şurasının üzvləri də iştirak ediblər. Bütün bunlarla yanaşı bu gün Müvəkkil  konkret olaraq malik olduğu ştat əsasında informasiya əldə etmək hüququnu təmin  etmək sahəsində çox geniş şəkildə öz fəaliyyətini həyata keçirir. Yəni, bu gün 1 nəfər də olsun,  deyə bilməz ki, Ombudsmana informasiya sorğusuyla müraciət etdim,  lakin bu sorğu diqqətdən kənarda qalıb. Yaxud da, bu istiqamətdə hər hansı əməli tədbir görülməyib.  

Azərbaycan Ombudsmanı  Konstitusiya qanunlarıyla ona verilmiş səlahiyyətlər çərçivəsində, 1.3 maddəsinə əsasən  vətəndaşların informasiya əldə etmək  hüququnun təmini   sahəsində fəaliyyət göstərir. Qanunun tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsində  nəzarəti həyata keçirir. Odur ki, bu  fikirlə razılaşmaq olmaz ki, Azərbaycan Ombudsmanı  informsiya əldə etmək hüququnun təmini sahəsində fəaliyyət həyata keçirmir. Yaxşı olardı ki,  bununla bağlı bir misal göstərəydi ki, indiyədək hansısa vətəndaş Azərbaycan Ombudsmanına müraciət edib, lakin bu, nəticəsiz qalıb.  Deyilənlər bu həqiqəti əks etdirmir”- deyə, o, bildirib. 

amasov-metbuat-aflatun

Qeyd edək ki, Mətbuat Şurasının sədri, millət vəkili Ə. Amaşov martın 7-də İnsan hüquqları üzrə müvəkkilin 2016-cı il üçün hesabatı dinlənilərkən bildirib ki,  2005-ci ildə qəbul edilmiş “İnformasiya əldə etmək haqqında” qanunda İnformasiya məsələləri üzrə Ombudsman təsissatının yaradılması nəzərədə tutulub:

“Onun Milli Məclisdə 3 namizəd arasında seçilməsi, hər cari ildə ən geci 3 il ərzində Milli Məclisə hesabat təqdim etməsi vurğulanır. Hesabtda isə il ərzində görüşmüş işlərin ümumiləşdirilmiş xülasəsi, o cümlədən hüquq pozuntuları törətmiş informasiya sahiblərinə, ərizə və şikayətlərə, göstərişlərə, xidməti nəzarət qaydasında görülmüş tədbirlərə, qanunun tətbiqi ilə bağlı digər halllara dair məlumatlar, habelə Ombudsmanın rəy və təklifi öz əksini tapmalı idi. Lakin sonradan, yəni 2010-cu ildə Konstitusiya qanununa təklif olunan əlavə və dəyişikliklər nəticəsində “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulmuş informasiya  məsələləri üzrə müvəkkilin səlahiyyətləri insan hüquqları üzrə müvəkkilə verildi. Ancaq dəyişiklikdən ötən 7 il müddətində mövcud istiqamətdə əməli iş görülməyib.

Məndə olan məlumata görə, bu müddətdə ayrıca ştat cədvəli də müəyyənləşməyib. Ancaq qeyd etdiyim kimi, informasiya məsələləri üzrə Ombudsman təsisatının işi heç də sıradan məsələ deyil. Vaxt keçir, təklif edirəm ki, mövcud sahədə əməli iş görülsün. Əgər bu mümkün deyilsə, informasiya məsələləri üzrə müvəkkilin ayrıca təsisat kimi formalaşması məsələsi gündəmə gətirilsin. Çünki bu təsisat informasiyalı cəmiyyət ümumən demokatik cəmiyyət quruculuğu üçün son dərəcə vacibdir. İstərdim ki,  məsələyə həssas yanaşılsın”.

Gülnaz Qənbərli

Gununsesi.info