“Diqqətli olun, hörmətli olun” deyən oğlandan – Yeni xəbər

  • By admin
  • 23 Avqust 2017 23:15

orucov
“Diqqətli olun, hörmətli olun” deyərək avtobusda silah çəkən şəxs Kürdəxanıya köçürülüb.

Musavat.com-un əldə etdiyi məlumata görə, ötən gün həbs edilən Bərdə şəhər sakini, 1988-ci il təvəllüdlü Orucov Orxan Cəmil oğlu Bakı İstintaq Təcridxanasına köçürülüb.

O.Orucov avqustun 16-da 85 saylı marşrut xətti üzrə hərəkətdə olan avtobusun onun işarəsi ilə saxlamamasına görə marşrutun sonuncu dayanacağına gəlib avtobusa daxil olaraq sürücü ilə mübahisə etmişdi. Üzərində gəzdirdiyi odlu silaha bənzər əşyanı belindən çıxararaq “Diqqətli olun, hörmətli olun” deyərək xuliqanlıq hərəkətləri ilə ətrafdakılara hədə-qorxu gəlmişdi.

Saxlanılan zaman onun üzərindən bir ədəd pnevmatik tapança və 7 qram heroin götürülüb.

O.Orucovun Məmmədov Elnur Ağa oğlunu həbsdən azad etdirəcəyini vəd verib sonuncunun atası Ağa Məmmədovun 16500 manat pulunu ələ keçirməklə dələduzluq etməsi müəyyən edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə), 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi açılıb.

Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilən Orucov bu gün Kürdəxanı təcridxanasına köçürülüb.

O.Orucov əməlindən peşman olduğunu və xəcalət çəkdiyini deyir. O da məlum olub ki, Orucovun atası sabiq polis zabitidir.

Gununsesi.info