Dollar niyə satılmır? - "Dollara qarşı növbəti təlabat dalğası yaranacaq"

  • By admin
  • 31 Avqust 2016 14:24

One hundred dollar notes are seen in this photo illustration at a bank in Seoul January 9, 2013. REUTERS/Lee Jae-Won

İki həftədən çoxdur Bakıda banklar tərəfindən dollar satışında məhdudiyyətlər yaranıb. Artıq bir çox banklar iki gündür, xarici valyuta satışını dayandırıblar.

Maliyyəçi-ekspert Zaur Əhmədov Gununsesi.info-ya bildirib ki, hazırda dollara qarşı kəskin təlabat yaranıb, valyuta rezervləri isə bunu tam ödəyə bilmir: “Avqustun 15-dən sentyabr ayınadək əhali növbəti 9 ayın bazarlığını edir. Çünki dərs ilinin açılışı ilə əlaqədar olaraq, aktivlik artıb. Müəllimlər,məktəblilər, tələbələr tədris ilinə, habelə məzuniyyətdən qayıdanlar bir növ işə hazırlıq görürlər. Ona görə də, məktəb ləvazimatları və geyimlərə təlabat artıb. Bazarda mövcud tələbi ödəmək üçün sahibkarlara xarci valyuta lazımdır”.

Z.Əhmədovun fikrincə, ölkədə valyuta rezervlərinin vəziyyəti o qədər də ürək açan deyil: “ Dövlət Neft Fondunun və Mərkəzi Bankın hərraclara çıxardığı valyuta isə bankların ehtiyaclarını ödəyəcək qədər deyil.  Banklar əllərində olan vəsaitləri saxlamağa üstünlük verirlər, nəinki indi hamısını bazara çıxarmağa.  Okytabr ayında artıq tələb düşməyə başlayacaq, onda cüzi dollar ucuzlaşa bilər. Amma bu gün baha qiymətə satsalar belə sabah rezervlərin ardı gəlməyəcək. Bu gün baha qiymətə aldıqları dolları saxlamağa üstünlük verirlər. Çünki getdikcə onun bir daha da bahalaşması qaçılmazdır”

Maliyyəçiyə görə, oktyabr ayından sonra proseslər səngisə də,  sükutluq, ancaq dekabrın ikinci həftəsinə qədər davam edə bilər: “Dekabrın 15-dən sonra dollara qarşı növbəti təlabat dalğası yaranacaq.  Bunun da başlıca səbəbi bayramların gəlməsidir, əsas tələbat isə ərzaq məhsullarına olacaq”.

Z.Əhmədovun fikrincə, dolların  bahalaşması prosesi isə davam edəcək: “Hökumət müəyyən qədər qarşısını ala bilər. Bir müddət əvvəl bildirmişdilər ki, hökumət üçün manatın ucuzlaşmasının bir “qırmızı xətti” var. “Qırmızı xətt” hansı həddə qədərdir açıqlanmır. Misal üçün, bildirə bilərlər ki, bu ilin  filan dövründə manatın dollara nisbətən orta qiyməti 1.70 və ya 2 manat olacaq. O zaman sahibkar arxayın olacaq ki, həmin dövr ərzində onun sərmayəsində valyuta dəyişikliklərindən zərər görməyəcək, o zaman sandıqdakı vəsaitini çıxaracaq.  Sandıqlardakı pulun çıxması üçün sahibkarlara “qırmızı xətt” anlayışı açıqlanmalıdır. Yoxsa, hər kəs pulunu dollarda saxlamağa üstünlük verəcək”.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info