“Dövlət Beynəlxalq Bankın borcunu tədricən ödəyəcək” - AYDIN HÜSEYNOV

  • By admin
  • 12 May 2017 15:44

deputat Aydın Huseynov

Azərbaycan Beynəlxalq Bankının (ABB) restrukturizasiyası ilə bağlı qərar iqtisadçı və maliyyə mütəxəssisləri arasında heç də birmənalı qarşılanmadı. Bir qism mütəxəssislər ABB-nin restrukturzasiyası ilə bağlı qərarını təqdir etsə də, digər qism mütəxəssislər bunun dövlətə və büdcəyə əlavə maliyyə yükü, yaxud da bankın dağıdılan vəsaitinin büdcə hesabına bərpa edilməsi kimi dəyərləndiriblər.

İqtisadçı ekspert Azər Mehtiyev Gununsesi.info-ya açıqlamasında deyib ki, Beynəlxalq Bankla bağlı qəbul edilən qərarlar bankın sağlamlaşdırılması deyil, sadəcə olaraq, bank vasitəsilə dağıdılan və oğurlanan vəsaitlərin dövlət büdcəsi hesabına bərpa edilməsidir.

Millət vəkili Aydın Hüseynov isə Gununsesi.info-ya açıqlamasında bildirib ki, bütün bu tədbirlər Beynəlxalq Bankın uzunmüddətli maliyyə dayanıqlılığını təmin edəcək və özəlləşdirmə öncəsi bankın bazar dəyərinin artırılmasına xidmət edən qərardır. “Dövlətin ABB-nin 9,93 mlrd. manat dəyərində olan toksik aktivini alması o demək deyil ki, bu borcu dövlət birdən-birə ödəyəcək. Tədricən zamanla ödəyəcək. Sadəcə burada xarici borclara və öhdəliklərə dövlət zamin durması deməkdir. Bu özü də müsbət bir addımdır”- deyə, o, vurğualyıb.

Deputatın fikrincə, ABB kimi Azərbaycan üçün əhəmiyyətli bir bankın müflisləşdirmə yolu ilə sağlamlaşdırılması düzgün taktika olmazdı. “Çünki bu cür addım digər mənfi tendensiyalara yol aça bilərdi. Odur ki, qərar doğru qərardır. Bu yolla ABB-nin uzunmüddətli maliyyə mövqeyinin bərpası və dayanıqlılığının təmin edilməsi, ölkə iqtisadiyyatını dəstəkləyən sağlam və güclü maliyyə institutuna çevrilməsinə nail olmaqdır. Və işlərin də bu istiqamətdə davam etdirilməsi qərara alınıb. Bu tədbirlərin həyata keçirilməsi nəticəsində ABB-nin xarici valyuta mövqeyi tənzimlənəcək, maliyyə vəziyyəti güclənəcək və gəlir generasiya etmə qabiliyyəti bərpa olunacaq. Həmçinin, bankın kapital mövqeyi requlyativ çərçivəyə qayıdacaq”- deyə, o, əlavə edib.

O deyib ki, bu gün Beynəlxalq Bankının maliyyə və kapital mövqeyinin zəifləməsi ilə bağlı narahatlıq mövcuddur: “ABB-nin maliyyə dayanıqlığının bərpa edilməsi Azərbaycan iqtisadiyyatı üçün önəmli olan maliyyə xidmətlərinin göstərilməsi üçün mühüm əhəmiyyətə malikdir. Hesab edirik ki, bu addım təkcə bank üçün deyil, ümumilikdə Azərbaycanın bank sektoru üçün mühüm əhəmiyyət daşıyır”.

Deputat əlavə edib ki, bank sağlamlaşdırıldıqdan sonra özəlləşməyə çıxarılacaq: “Sağlamlaşdırma prosesindən sonra ABB-nin özəlləşmə çıxarılması bank sektoruna öz müsbət nəticə verəcək. Yəni problemli formada bankın özəlləşməyə çıxarılması lazımı effekti verməz. Beynəlxalq Bankın sağlamlaşdırmadan sonra özəlləşməyə çıxarılması xarici sərmayədarlar üçün də cəlbedici olacaq və onlar belə şəraitdə daha investisiya yatırmaqda maraqlı olacaqlar. Necə deyərlər, bu sağlamlaşdırma özəlləşdirmə öncəsi bankın bazar dəyərinin artırlmasına xidmət edən qərardır. Bu, həm də bank sektorunun digər sahələrində həyata keçirilən islahatlara öz töhfəsini vermiş olacaq”.

Mürtəza

Gununsesi.info