“Xədicənin azadlığı ABŞ-Azərbaycan münasibətlərini gücləndirəcək”

  • By admin
  • 26 May 2016 09:12

dd

Dövlət Departamenti və Senator jurnalistin azadlığa buraxılmasını alqışladı

Tanınmış jurnalist Xədicə İsmayılın məhkəmə qərarı ilə azadlığa çıxması ABŞ və Avropada yüksək qiymətləndirilib. Jurnalistin azadlığından bir neçə saat sonra ABŞ Dövlət Departamenti bəyanatla çıxış edib. Gununsesi.info-nun xəbərinə görə, ABŞ DD Azərbaycan Ali Məhkəməsinin tədqiqatçı jurnalist Xədicə İsmayılın şərti cəza ilə azad edilməsi barədə qərarını alqışlayır: ““Biz buna müsbət addım kimi baxırıq. Azərbaycan hökumətini X.İsmayıla qarşı qalan ittihamları da ləğv etməyə təşviq edirik. Azərbaycan söz azadlığı və siyasi fəaliyyət şəraitini genişləndirməyi davam etdirdikcə, bu yalnız Azərbaycanı və ikitərəfli münasibətlərimizi gücləndirəcək.

ABŞ Senatoru Bencamin Kardin “Amerikanın Səsi”nə müsahibədə Xədicə İsmayılın azadlığa buraxılmasından məmnun olduğunu bildirib. Eyni zamanda o, Xədicənin həbs edilməsinin əvvəlcədən düzgün olmadığını vurğulayıb, və ona qarşı bütün məhdudiyyətlərin aradan qaldırılımasına çağırıb. İlk öncə üzümü Xədicəyə tutub demək istəyirəm: Sənin ABŞ Senatındakı dostların olaraq sənin ad gününü təbrik edirik! Biz məmnunuq ki, sən artıq həbsdə deyilsən. Eyni zamanda biz vurğulamaq istəyirik ki, bu qondarma ittihamlar altında sən heç vaxt həbsxanada olmamalıydın. Və indi də sənin total azadlığın olmalıdır. Səyahətinə heç bir məhdudiyyətlər qoyulmamalıdır. Biz yenə də vurğulamaq istərdik ki, Xədicənin həbsi düzgün əməl deyildi. Belə ki, o, jurnalist olaraq öz peşə fəaliyyətini yerinə yetirirdi və bunun öhdəsindən də yaxşı gəlirdi. Jurnalisti həbs edən repressiv rejim idi. Onu həbsdə saxlamaq düzgün deyildi. Və indinin özündə ona qarşı məhdudiyyətləri saxlamaq düzgün deyil”.

kardin

Bencamin Kardin daha sonra aşağıdakı suallara cavab verib.

– Xədicə və anası Elmira xanım mediaya həbsxana qarşısındakı müsahibələrində beynəlxalq aləmin jurnalistin azadlığa buraxılması üçün göstərdiyi səylərə görə təşəkkür ediblər. Siz beynəlxalq səylərin bu sonucdakı rolunu necə dəyərləndirirsiniz?

– Biz beynəlxalq icitmaiyyətin Xədicə naminə bir araya gəlməsindən məmnunuq. İnsan haqları pozuntularına insan sifəti qoyduqda, bu cür fəaliyyətlər baş verir, əməli işlər görülür. Bu, beynəlxalq əməkdaşlığın müsbət nümunəsi idi. İctimaiyyət göstərdi ki, Xədicənin həbsdə saxlanılması düzgün iş deyil. Mən bu işdə bizim, ABŞ Senatının oynadığı rolla fəxr edirəm. Bir çox kənar qruplar da bu istiqamətdə aqressiv səylər göstərdilər. Bu, onu göstərir ki, biz bir yerdə işlədikdə, ortaya nəticə qoyulur.

– Siz Konqresdə nəzərdən keçirilən Qlobal Maqnitski Aktının sponsorusunuz. Bu qanun haqda azərbaycanlı tamaşaçılara nə məlumat verə bilərsiniz?

– Bu qanun insan haqlarına hörmət haqdadır. Bu, öz ölkələrində fundamental insan haqlarını pozan rejimləri cavabdeh tutmaq haqdadır. Və əgər onlar bunu etmirlərsə, onda beynəlxalq ictimaiyyət sanksiyalar tətbiq edəcək. Biz onların ölkəmizə gəlməsinə icazə verməyəcəyik, bank sistemlərimizdən istifadə etmələrinə imkan verməyəcəyik. O adamlar ki, insan haqarlını pozur, onlar cavabdeh tutulmalıdır. Onlar öz ölkələrində cavabdeh tutulmalıdır.

– Xədicə həbsdən buraxıldı. Lakin məhbəsdə çox sayda adamlar qalır ki, beynəlxalq hüquq təşkilatları onların siyasi motivlərlə həbs olunduqlarını bildirir. Siz bu haqda nə demək istərdiniz?

– Təəssüf ki, Xədicə kimi çox adam var ki, onlar hökumətləri tərəfindən yanlış olaraq həbs ediliblər, çünki onlar jurnalist fəaliyyəti ilə məşğul olurlar, onlar öz fikirlərini ifadə etmək istəyirlər, onlar korrupsiyanı aşkar etmək, ölkələrini daha güclü etmək istəyirlər. Bunlar elementar insan haqlarıdır. Təəssüf ki, bir çox adamlar bu hüquqdan yararlandıqlarına görə həbsə salınıblar. Bu, düzgün deyil. Biz bu hallardan hər birinə işıq salacağıq və hökumətləri lazımi addımlar atmağa həvəsləndirəcəyik. Təkcə günahsız insanları həbsdən buraxmaq yox, mətbuat, din, ifadə azadlıqları üçün münasib atmosfer və şərait yaratmaq lazımdır. Bunlar demokratik ölkələrin qəbul etməli olduğu dəyərlərdir.

Xədicə İsmayılı Avropa İnsan Haqları məhkəməsində təmsil edən tanınmış vəkil Amal Kluni onun azadlığa buraxılmasını “qələbə” adlandırıb.

“Bu gün biz hamımız sevinə bilərik ki, günahsız gənc qadın azadlığa buraxılıb”,- deyə Amal Kluni deyib: “Xədicə istedadlı bir jurnalistdir və öz ölkəsində korrupsiyanın ifşa olunmasında mühüm rolu olub. Onun azadlığa buraxılması, hakimiyyətə həqiqəti deyən bütün jurnalistlər üçün bir qələbədir”.

Amal Kluni əlavə edib ki, Xədicə İsmayıl “günahsızlığının tam şəkildə etiraf olunmasına layiqdir” və jurnalist kimi fəaliyyətinə heç bir çətinliksiz davam edə bilməlidir.

Gununsesi.info