
Xəbər verildiyi kimi, Azərbaycanda dövlət və bələdiyyə adından yaradılan tibb müəssisələri publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək.
Gununsesi.info xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə etdiyi dəyişiklikdə əksini tapıb. Bu müəssisələr “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra publik hüquqi şəxs statusunu əldə edəcək.
Qeyd edək ki, indiyə qədər dövlət adından yaradılan tibb müəssisələri qeyri-kommersiya hüquqi şəxs kimi fəaliyyət göstərib. Tibb müəssisələrinin publik hüquqi şəxs olması nələri dəyişəcək?
İqtisadi Təşəbbüslərə Yardım İctima Birliyinin rəhbəri Azər Mehtiyevin sözlərinə görə, dövlət xəstəxanalarına publik hüquqi şəxs statusunun verilməsi yanlışdır: “Xəstəxanalar fərdi xidmət göstərir, onların fəaliyyəti fərdi istehlak olunan xidmətlər göstərməyə yönəlikdir. Xəstəxanalar başqa qurumların fəaliyyətlərini tənzimləyən ümumdövlət və ictimai xarakterli qərarlar qəbul edə bilməzlər”.

A.Mehtiyev hesab edir ki, dəyişikliyə səbəb icbari tibbi sığortanın tətbiqi ətrafında gedən işlərdir: “ Görünür, icbari tibb sığortaya keçid məsələsi dövlət xəstəxanalarına status verilməsini gündəmə gətirdiyindən məsələni belə həll etməyə qərar veriblər. Buna deyərlər, “qaş düzəldən yerdə vurub gözü çıxartdılar”.
Vüsalə Rüstəmova
Gununsesi.info












