Dünya yenidən QARIŞIR: Ukrayna, Tayvan, Qarabağ və ardınca TALİBAN – Hansı əlaqə var?

“Ukrayna qarşıdurması dünyada baş verən əksər regionlara sıçramağa başlayıb. Bu gün Qarabağda, Tayvanda, Kosovo və Ukraynada baş verən hadisələrin müəyyən mənada bir-birilə bağlılığı vardır. Ukraynadakı Qərb-Rusiya qarşıdurması geosiyasi maraqlar konteksində digər bölgələrə də transformasiya olunmağa başlayır”. 

Bunu Bizim.Media-ya açıqlamasında politoloq Natiq Miri Ukrayna, Kosova, Tayvan və Qarabağda baş verən dünənki gərginlik arasında hansısa əlaqənin olub-olmadığına aydınlıq gətirərkən deyib:

“Ukraynada güclü olan tərəf getdikcə öz şərtlərini digər regionlarda da rəqibinə diqtə etməyə başlayacaq. Qarabağda Azərbaycan-Ermənistan münasibətləri kontekstində demək olar ki, qlobal güclərin maraqları toqquşur.

Bakı və İrəvana edilən zənglər və intensiv səfərlər də bunu birbaşa sübut edir. Kosovoda baş verən hadisədə də müəyyən geosiyasi maraqlar var. Rusiya Balkanlarda yeni münaqişə ocağı yaratmaqla diqqəti Ukraynadan ayırmaq və NATO-nu bir neçə cəbhəyə bölmək istəyir. İndiki halda nə Kosovoda yaşayan serblər, nə də Serbiyanın özü böyük müharibə aparmaq potensialına malik deyillər.

Deməli, onları bu məsələdə təhrik edənlər var. Xanım Pelosinin Tayvana səfərindən sonra Rusiyadan verilən açıqlamalar göstərir ki, Kreml həmin bölgədə də münaqişənin alovlanmasında ciddi şəkildə maraqlıdır. Çünki Moskva Ukrayna bataqlığında boğularkən Çinin prosesə müdaxiləsi və yardım etməsinə möhtacdır.

Ona görə də Pekinlə bərabər ABŞ-a qarşı mübarizə aparmağa hazır olduğunu bəyan etməklə, dolayısı ilə Çinin gələcəkdə Rusiyaya yardımının yolunu açmaq istəyir”. 
Ekspertə görə, anoloji hadisələr gələcəkdə Orta Asiyaya da sirayət edə bilər:

“Talibanın İranla sərhəddə atışması, onun Rusiyaya müəyyən ultimativ şərtlər təqdim etməsinin arxasında isə ABŞ-ın geosiyasi maraqları dayanır”.

Gununsesi.info