“Əl-Qaidə” lideri öldürüldü - PİLOTSUZ TƏYYARƏ İLƏ EVİ VURULDU

  • By admin
  • 02 Avqust 2022 08:53

“Əl-Qaidə” terror təşkilatının başçısı Ayman əl-Zəvahiri öldürülüb.

Gununsesi.info xəbər verir ki, bunu açıqlamasında ABŞ Prezidenti Co Bayden təsdiqləyib.

Bayden administrasiyasının yüksək rütbəli rəsmisi isə ABŞ kəşfiyyatı tərəfindən Ayman əl-Zəvahirin yerinin bu ilin əvvəlində müəyyən edildiyini bildirib. Onun sözlərinə görə, aylarla onun hərəkətləri izlənilib və ailəsi ilə birlikdə Kabildə təhlükəsiz evdə yaşadığı müəyyən edilib.

“Əl-Zəvahirinin ailə üzvləri zərbə zamanı evin digər hissələrində olub və məqsədli şəkildə hədəfə alınmayıb və silahsız olublar. Bu zərbədə mülki əhalinin zərər çəkdiyinə dair heç bir əlamətimiz yoxdur”, – deyə rəsmi əlavə edib.

O, deyib ki, Zəvahiri Kabildə bir evin eyvanına pilotsuz təyyarənin endirilməsi nəticəsində həlak olub.

Yerdə heç bir Amerika əsgərinin olmadığını əlavə edən rəsmi, Zəvahirinin Əfqanıstanda olmasının 2020-ci ildə Dohada Talibanın ABŞ ilə imzaladığı müqavilənin “açıq-aşkar pozulması” olduğunu və bunun da qoşunların geri çəkilməsinə yol açdığını qeyd edib.

Baydenin çıxışından əvvəl Taliban sözçüsü bazar günü Kabilin yaşayış məntəqələrinə ABŞ-ın pilotsuz uçan aparatının zərbəsi endirdiyini bildirib.

O, bunu beynəlxalq prinsiplərin açıq şəkildə pozulması kimi qiymətləndirib.

“Bu cür hərəkətlər son 20 ilin uğursuz təcrübələrinin təkrarıdır və ABŞ, Əfqanıstan və regionun maraqlarına ziddir”, – sözçü bildirib.

Qeyd edək ki, 71 yaşlı Ayman Əl-Zəvahiri ABŞ-da törədilən 11 sentyabr terror aktının təşkilatçısı olaraq bilinirdi. O, Usamə bin Ladenin məhv edilməsindən sonra “Əl-Qaidə”yə rəhbərlik edirdi.

 

Gununsesi.info