Eldar Həsənovun vəkili Ədliyyə Nazirinə müraciət edib

  • By admin
  • 15 İyul 2022 11:25

Hazırda həbsdə olan sabiq Baş prokuror, keçmiş səfir Eldar Həsənovun vəkili Cavad Cavadov Ədliyyə Naziri Fikrət Məmmədova müraciət edib.

Gununsesi.info həmin müraciəti təqdim edir.

Azərbaycan Respublikası Ədliyyə Naziri cənab Fikrət Məmmədova,

Sizə 9 saylı Cəza Çəkmə Müəssisəsində saxlanılan Eldar Həsənovun vəkili olaraq mətbuat vasitəsi ilə müraciət etmək məcburiyyətindəyəm. Çünki əvvəl Sizə və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə ümumi qaydada ünvanladığımız müraciətlərə cavab almamışıq.

26 apreldən bu günə kimi Eldar Həsənovun səhhətində yalnız ağırlaşma baş verir və son 20 gündə parokziomal vertiqo (qəflətən yaranan başgicələnmə) nəticəsində yıxılmaların sayı yenidən intensivləşməklə artmışdır. Bundan əlavə hipertoniya, şəkərli diabet, boyun-bel nahiyyəsində olan ciddi xroniki problemləri və onun yaşı mövcud durumu daha da ağırlaşdırır. Bir müddət öncə ayaqlarının şişməsi nəticəsində hərəkət etməyində ciddi çətinliklər yaranmışdır. Gündəlik qəbul etdiyi dərmanların sayı 32-dən aşağı düşmür.

Gecələr dəfələrlə kritik durum yaranmış lakin təcili yardım maşını çağırılmaq mümkün olmamışdır.

Özəl klinikalardan ailə üzvlərinin müqavilə bağladığı və kritik durumlarda təcili yardım çağırılması üçün icazə üçün Tibb Baş İdarəsinə etdiyimiz müraciətlərə və həmçinin iki aydan artıqdır həkim-nevropatoloq buraxılması üçün müraciətlərə cavab verilmir və təmin edilmir.

Təkidli müraciətlərimizdən sonra 24 iyunda professor Adil Qeybulla onun yanına müayinə üçün buraxılsa da bu ilkin tanışlıq xarakteri daşımış, o tibb sənədləri ilə tanış olmuş və yenidən müayinə, tibbi tövsiyələr verilməsi üçün görüşməsi hələ ki, mümkün olmamışdır.

Daimi həkim nəzarətində olmalı olan Eldar Həsənov saxlanıldığı yerdə bunun təmin edilməsi mümkün deyil. Deməyə məcburuq ki, müəssisənin həkimi gündəlik olaraq çox az müddətdə işdə olduğundan yaranan kritik anlarda tibbi müdaxilə olmur və çarəsiz durum yaranır.

Bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, Avropa İnsan Hüquqları Məhkəməsi 19 noyabr 2021-ci il tarixdə Həsənov Eldar Hümbət oğlu ilə bağlı Məhkəmə qaydalarının 39-cu maddəsinə əsasən müvəqqəti tədbir kimi üçüncü qərarını qəbul etmişdir. Həmin qərara əsasən Hökumət: – ixtisaslı həkimlər tərəfindən müvafiq hesab edilən ambulator və ya stasionar şəraitdə ərizəçinin həbsdə saxlanma yerində hər hansı zəruri və adekvat tibbi müalicə ilə təmin olunmasını təmin etməli; və – 19 yanvar 2022-ci il tarixindən başlayaraq, ərizəçinin sağlamlıq vəziyyəti və ərizəçi həbsdə qaldığı təqdirdə, göstərilən tibbi müalicə haqqında hər üç ayda bir dəfə Məhkəməyə məlumat verməlidir.

Sizdən xahiş edirəm mövcud durumun düzəldilməsi üçün Tibb Baş İdarəsinə bununla bağlı müvafiq tapşırıqlar verəsiniz.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən xahiş edirəm bu məsələnin qanunamüvafiq qaydada həll edilməsi üçün aidiyyatı qurumlara tapşırıqlarını versin.

Günay