
MTN-in İstintaq İdarəsinin sabiq şöbə rəisi, polkovnik Vüsal Ələkbərov haqqında Bakı Hərbi Məhkəməsinin çıxardığı məhkəmə hökm qərarının 12 ildən 5 ilə endirməsi ciddi rezonansa səbəb olub.
Mütəxəssislər sabiq MTN polkovniki V. Ələkbərovun cəzasının birdən-birə 7 il azaldılmasını hüquqi addımdan daha çox hansısa iradənin ifadəsi kimi dəyərləndirirlər.
Bakı Apellyasiya Məhkəməsininin MTN-in İstintaq İdarəsinin sabiq şöbə rəisi, polkovnik Vüsal Ələkbərovun cəzasının 12 ildən 5 ilə endirilməsi ilə bağlı məsələni Gununsesi.info-ya şərh edən vəkil Namizəd Səfərov bildirib ki, Apellyasiya məhkəməsinin bu qərarı hüquqi addımı kimi yox, kimlərinsə iradə ifadəsidir: “Çünki burada hüquqi əsaslandırmadan çox kimlərinsə, daha çox dövlətin iradə ifadəsi kimi dəyərləndirmək olar. Yəni daha yuxarı məqam sahibləri belə məsləhət bildiyindən, onun cəzası bu qədər azaldılıb”.

N. Səfərov bir müddətdən sonra V. Ələkbərova bəratə verilərək, onun gələcəkdə ümumiyyətlə həbsdən azad edilə bilməcəyini də istisna etmədi: “Bu gözlənilən addımdır. Çünki məhkəmə-hüquq sistemində onun əməllərinin və cinayətinin ictimai təhlükəliliyi ikinci dərəcəli və əhəmiyyətsiz məsələdir. Burada əsas məsələ kiminsə iradə ifadəsidir və o da hər şeydən üstündür”.
Vəkil onu da əlavə edib ki, gələcəkdə belə qərarların həbsdə olan digər MTN-çilərə də şamil oluna bilər: “Demirəm hamını ucdantutma həbsdən azad edəcəklər. Ancaq həbsdə olan bir sıra şəxslər azad oluna bilər və ya cəzası azaldıla bilər. Elə sabiq MTN rəhbəri Eldar Mahmudovun azadlıqda olması və onun barəsində cəmiyyətdə gəzən söz-söhbətlərə baxamayaraq cinayət məsuliyyətinə cəlb olunmaması göstərir ki, digər MTN-çilərin həbs cəzasının azaldılması və ya onalrın həbsdən azad olunması gözləniləndir. Çünki vaxtı ilə hay-küyə düşüb kimi gəldi həbs etdilər, indi də tədricən azad edirlər. Hesab edirlər ki, onları həbs etməyə dəyməzmiş ”.

Sabiq MTN polkovniki İlham İsmayıl isə Gununsesi.info-ya açıqlamasında deyib ki, burada əsas fiqur, daha doğrusu MTN-nin sabiq rəhbəri Eldar Mahmudov həbs edilmədiyindən, həbs olunan digər MTN əməkdaşlarının cəzalarının azaldılması və ya azad edilməsi gözləniləndir. “Ona görə ki, bu şəxslər Eldar Mahmudovun əmr və göstərişlərini yerinə yetiriblər. Həbs olunanlar içərisində şəxsən mənim də tanıdığım şəxslər var ki, onlar sözün əsl mənasında güdaza gediblər. Vüsal Ələkbərovun konkret olaraq cinayət əməlinin nədən ibarət olduğunu bilmirəm. Ancaq orada olanların bəziləri qurbandır. Düzdür, o hərəkət və ya əməl qanunsuz idisə gərək onu etməyədilər. Lakin E.Mahmudovun dövründə vəziyyət başqa cür olduğundan, bu mümkün deyildi. Yəqin V. Ələkbərov da həbs olunanda E. Mahmudovun yaxın adamı kimi təqdim edilib və ona ağır cəza verilib. Baxmayaraq ki, orada hamı Mahmudovun adamı idi. Lakin sonradan məhkəmə V. Əkbərovun cəzasının aşağı endirərkən, törətdiyi cinayət əməllərinin bilavasitə onun tərəfindən deyil, məhz verilən göstərişlər əsasında icra etdiyini nəzərə alaraq aşağı endirib. Deməli burada kifayət qədər əsaslar olub. Yoxsa məhkəmə onun cəzasını nümayişkəranə formada 7 il azaltmazdı”- deyə, İ. İsmayıl vurğulayıb.
Həbs olunaunların bir qismini qurban hesab edən İ.İsmayıl əlavə edib ki, E. Mahmudovun güdazına gedən qurbanların cəzaları azaldılmalıdır və ya onlar azad olunmalıdır: “Düzdür , orada elə həbs olunanlar var ki, onların cəzası daha da ağırlaşdırılmalıdır. Hətta onlar arasında həbsdə olmayanlar da var. Həbs olunan qurbanların heç də hamısı mələk deyil. Lakin elələri var ki, onların cəzaları azaldılmalıdır”.
İ.İsmayıl həmçinin bildirib ki, amma indidən MTN işində həbs olunan bəzi açar adamlaırn cinayətlərinin minimuma endirilməsi istiqamətində mübarizənin getidyi hiss olunmaqdadır.
Gununsesi.info










