“IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər təkcə Azərbaycanın xarici siyasət prioritetlərinin ifadəsi deyil, eyni zamanda dəyişən beynəlxalq münasibətlər sisteminə verilən strateji mesajdır”.
Gununsesi.info bildirir ki, bu fikri siyasi şərhçi Azər Niftiyev deyib:

“Bu gün dünya geosiyasi parçalanmaların, informasiya müharibələrinin və yeni güc balansının formalaşdığı mürəkkəb mərhələdən keçir. Belə bir şəraitdə Şuşadan səslənən mesajlar Azərbaycanın prosesləri müşahidə edən deyil, regional və qlobal gündəliyin formalaşmasına təsir göstərən aktor kimi çıxış etdiyini bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqamlardan biri Azərbaycanın milli maraqlara söykənən müstəqil siyasi kursunun dəyişməzliyidir. Son illərin təcrübəsi göstərir ki, beynəlxalq münasibətlərdə etibarlılıq yalnız iqtisadi və ya hərbi potensialla ölçülmür.
Dövlətin verdiyi sözə sadiqliyi, tərəfdaşlıq öhdəliklərinə hörmətlə yanaşması və praqmatik diplomatiyası onun nüfuzunu müəyyən edən əsas amillərdəndir. Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional əməkdaşlıq istiqamətində həyata keçirdiyi siyasət məhz bu etimadın real nəticəsidir.
İlham Əliyevin informasiya təhlükəsizliyi ilə bağlı səsləndirdiyi fikirlər isə müasir dövrün ən aktual çağırışlarından birinə toxunur. Artıq informasiya sadəcə xəbərin ötürülməsi vasitəsi deyil, dövlətlərin milli təhlükəsizliyinə, beynəlxalq imicinə və siyasi qərarların qəbuluna təsir göstərən strateji resursdur.
Dezinformasiyanın geniş yayıldığı bir dövrdə peşəkar jurnalistika həqiqətin müdafiəçisi kimi çıxış etməli, ictimai rəy manipulyasiyasının qarşısını alan əsas institutlardan biri olmalıdır. Məhz buna görə Şuşa Qlobal Media Forumu beynəlxalq media əməkdaşlığının gücləndirilməsi baxımından mühüm platforma kimi xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri barədə fikirləri də mühüm siyasi məna daşıyır. Azad olunmuş ərazilərdə həyata keçirilən layihələr post-münaqişə dövrünün inkişaf modelini formalaşdırır və göstərir ki, Azərbaycan Zəfəri yalnız hərbi müstəvidə deyil, dayanıqlı inkişaf, sosial rifah və müasir dövlət quruculuğu ilə tamamlayır.
Bu gün Şuşanın beynəlxalq media forumuna ev sahibliyi etməsi də dərin simvolik məna daşıyır. Vaxtilə işğalın simvolu olan şəhərin bu gün qlobal dialoq məkanına çevrilməsi Azərbaycanın siyasi iradəsinin, diplomatik uğurlarının və artan beynəlxalq nüfuzunun ən parlaq göstəricilərindəndir.
Şuşadan dünyaya verilən mesaj aydındır: Azərbaycan beynəlxalq hüquqa söykənən, dialoqu təşviq edən, regional sabitliyə töhfə verən və qlobal gündəliyin formalaşmasında söz sahibi olan qüdrətli dövlətdir”.






