Elnur Allahverdiyev: “Ermənistanın notasının heç bir beynəlxalq çəkisi yoxdur”

  • By admin
  • 14 İyul 2021 11:14

“Dünən Ermənistan Xarici İşlər Naziri Şuşaya səfər etmiş səfirlərin ölkələrinin İrəvanda akkreditə olunmuş elçilərini nazirliyə dəvət edərək onlara etiraz notası təqdim edib. Notada rəsmi İrəvan Şuşa və Qarabağın erməni işğalından azad olunmuş hissəsini “Azərbaycan tərəfindən işğal edilmiş” adlandırıb və səfirlərin Şuşaya səfərlərini qanunsuz aksiya kimi dəyərləndirib”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Elnur Allahverdiyev Oxu.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, rəsmi İrəvanın bu gecikmiş addımı daxili təzyiqlərin nəticəsi və diplomatik başıpozuqluğun göstəricisidir:

“Ermənistan kimi qeyri-ciddi dövlətin notasının heç bir beynəlxalq çəkisi yoxdur, ona görə də bu kağız parçasına önəm vermək lazım deyil. Məncə, daha maraqlısı budur ki, o notanı Xarici İşlər Nazirliyində kim hazırlayıb? Çünki Ermənistanın xarici siyasət idarəsi iki aya yaxındır başsızdır. Paşinyan bu vəzifəyə normal diplomat tapa bilmir. Ağlı başında olan isə təyin olunmaq istəmir. Kimə lazımdır bu ağır yükün altına girmək?”.

Millət vəkilinin fikrincə, hazırda rəsmi İrəvanın xarici siyasəti yox səviyyəsindədir, verilən nota isə aqoniyanın əlamətidir:

“Gülünc vəziyyətə şahidlik edirik. Şuşaya gedən 46 səfirdən bir neçəsinin dövlətini Ermənistan özünə yaxın, müttəfiq hesab edir. Maraqlıdır, görəsən ermənilər o ölkələrin səfirlərinə nota təqdim edəndə nə deyiblər? Ən azı bu fakt verilən notanın məcburiyyətdən irəli gəldiyini göstərir”.

E.Allahverdiyevin sözlərinə görə, səfirlər Azərbaycanın əzəli torpaqlarına, mədəniyyət mərkəzimizə səfər ediblər və Ermənistanın bununla bağlı hər hansı münasibət bildirməyə, bəyanat verməyə haqqı yoxdur.

“Qardaş Türkiyə artıq Şuşada konsulluq açacağını bəyan edib. Sabah bizə dost olan digər dövlətlər də bu istəkdə ola bilər. Buna razılıq verib-verməmək istisnasız olaraq Azərbaycanın hüququ, haqqıdır. Ona görə də Ermənistan sussun, gedib sərhədlərini qorumaq barədə, daha doğrusu, sərhədlərini başqa dövlətin hərbçilərinə etibar etmək barədə düşünsün” – deyə deputat bildirib.

Səfirlərin Şuşaya səfərinə də toxunan E.Allahverdiyev deyib ki, “Minsk qrupunun həmsədr dövlətlərinin səfirlərinin bu səfərdən yayınmaları anlaşılan deyil. Bir tərəfdən Minsk qrupu formatında danışıqları bərpa etməyin vacibliyindən danışırlar, digər tərəfdən isə Azərbaycanın dünya, o cümlədən özləri tərəfindən tanınmış torpaqlarına səfər etməkdən boyun qaçırırlar. Minsk qrupu tək həmsədr dövlətlərdən ibarət deyil. Qurumda digər dövlətlər də təmsil olunur və onların bir neçəsinin səfiri Şuşaya səfər etməklə yaranmış yeni reallığa öz münasibətlərini bildiriblər”.

Gununsesi.info