Elxan Şahinoğlu: “Hədəflərmi dəyişir?”

  • By admin
  • 30 Noyabr 2016 11:18

Elxan Shahinoglu

“Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan sensasiyalı açıqlama verib. Bütün informasiya agentlikləri onun açıqlamasını manşetə çıxarır. Ərdoğan deyib ki, Suriyaya daxil olan Türkiyə ordusunun əsas məqsədi xalqını qıran Əsəd rejiminin hakimiyyətinə son qoymaqdır. Halbuki, Türkiyə ordusunun Suriyada varlığı DAİŞ-lə mübarizə kimi açıqlanmışdı. Hədəflərmi dəyişir?”

Gununsesi.info-nun məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, bildirib ki, Türkiyə Əsədlə savaşa girişsə, yenidən Rusiya ilə münasibətləri gərginləşdirəcək.

“Görünür, Əsəd ordusunun Hələb şəhərini nəzarət altına alması Ərdoğanın planlarını pozub. Mənim üçün maraqlı olan başqa məsələdir: Ərdoğan Türkiyə üçün bu cür taleyüklü addım atarkən, təkbaşına qərar verir, yoxsa ətrafındakıları da dinləyərək kollektiv qərara üstünlük verir?

Əgər birincisidirsə, Ərdoğan nəticəsi bəlli olmayan risqə gedir. İnanmaq istərdim ki, onun bu gün dedikləri daxili auditoriyaya hesablanıb, Türkiyə-Suriya müharibəsi olmayacaq. Bəli, Türkiyə üçün çətindir, Əsəd rejimindən qaçanlar qardaş ölkəyə sığınırlar, DAİŞ və PKK-nın törəmələri Suriya ərazisindən Türkiyəyə təhlükə yaradırlar. Ancaq hətta bu qədər təhlükə varkən, Türkiyənin Əsəd ordusu ilə savaşa girişməsi məncə yanlış qərar olacaq”-deyə, o, sözlərinə əlavə edib.

Gununsesi.info