Erkən nikahların sayı niyə azalmır? – VİDEO

  • By admin
  • 06 Fevral 2020 15:30

Maariflənmə tədbirlərinə baxmayaraq, son hadisələr hələ də ölkəmizdə erkən nikah probleminin olduğunu göstərir.

Bir müddət əvvəl Masallıda yenicə evlənmiş 16 yaşlı Fatimənin 19 yaşlı əri tərəfindən qətlə yetirilməsi erkən nikah probleminin hələ də aktual olduğunu bir daha göstərdi.

Gununsesi.org Baku TV-yə istinadən  xəbər verir ki, Uşaq nikahı adlandırılan erkən nikahların qanunla qadağan olunmasına baxmayaraq, bu cür hallar tez-tez müşahidə edilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədov bu problemin aradan qaldırılması üçün insanlar arasında, xüsusən bölgələrdə maarifləndirmə prosesinin aparılmasının əhəmiyyətli olduğunu deyir.

Qız uşaqlarının erkən yaşda ərə verilməsi valideyn zorakılığı sayılır. Bu cür valideynlərin yəni, erkən nikahlara haqq qazandıran, bu nikahların baş tutmasında heç bir problemin olmadığını düşünən insanların əksəriyyəti isə bunu İslam dininin qanunları ilə əlaqələndirir və özlərinə haqq qazandırırlar.

İlahiyyatçı Elşad Miri isə islam dinində erkən nikaha icazə verilməsi ilə bağlı hər hansı hökmün olmadığını deyib: “Peyğəmbər öz qızlarına rəva bilmədiyi bir şeyi dostunun qızına necə məsləhət edə bilər?”

Erkən nikaha girən şəxslərin ailə məsuliyyətini dərk etməməsi fəsadların başlanğıc nöqtəsidir.

Nikah üçün sadəcə fizioloji yox, həm də psixoloji və mənəvi olaraq hazır olmaq lazımdır. Əks təqdirdə Fatimə kimilərin sayı azalmayacaq…

Gununsesi.org