” Ermənistanda Rusiyayönümlü qüvvələrin hakimiyyətə gəlməsinin qarşısını almaq naminə Soros ideyalarının da Cənubi Qafqaza daxil olmasına imkan verilməməlidir. Ermənistan nə Rusiya, nə də Avropayönümlü platformaya çevrilməlidir”.
Gununsesi.info bildirir ki, bunu deputat Tural Gəncəliyev deyib:

“Mənim fikrimcə, Ursula fon der Lyayenin bəhs etdiyi Məxməri İnqilab anlayışı ilə əlaqələndirilən Soros ideyaları Cənubi Qafqaz üçün ciddi təhlükə yarada bilər. Bu, Ermənistanın vaxtilə yürütdüyü işğalçı siyasət qədər təhlükəli hesab edilə bilər.
Paradoks ondadır ki, Paşinyanın əlində bəhanələr ola bilər və o deyə bilər ki, konstitusiya çoxluğu yoxdur, buna görə də tələsmirlər. Ancaq Avropa təcrübəsinə baxsaq, elə ölkələr var ki, orada heç vaxt konstitusiya çoxluğu formalaşmır. Məsələn, İsraildə və bəzi Avropa ölkələrində dəfələrlə parlament seçkiləri keçirilir və koalisiya hökumətləri qurulur.
Belə hallarda koalisiyaya rəhbərlik edən, daha çox mandat qazanan siyasi qüvvələr tez-tez bildirirlər ki, məsələləri digər koalisiya tərəfdaşları ilə razılaşdırmalıdırlar. Buna görə də Ermənistanın həddindən artıq şəkildə Avropanı, Sorosu və digər qüvvələri Cənubi Qafqaza gətirməsi qəbulolunan deyil.
Ermənistan üçün Azərbaycan nümunəsi, milli maraqlarını qətiyyətlə qoruyan Türkiyə nümunəsi və ən azı Gürcüstan modeli mövcuddur. Gürcüstan nə Rusiyanın təsir dairəsinə düşür, nə də Sorosla əlaqələndirilən ideyaları qəbul edir.
Bu səbəbdən Ermənistanda tam formalaşmış müxalifətin yaranacağını düşünmürəm. Ortada yarımçıq müxalifət var. Hətta hesab edirəm ki, birdəfəlik resurslar hesabına gücləndirilmiş Samvel Karapetyanın Paşinyan və komandası üçün nə dərəcədə ciddi çağırış yarada biləcəyi də hələ məlum deyil.
Əgər məsələyə Rusiya ilə Avropa İttifaqı arasındakı rəqabət prizmasından baxsaq, məncə, bu mərhələdə üstünlük daha çox Qərbin, Avropa İttifaqının və Fransanın əlindədir. Bununla belə, Rusiyanın təxribat xarakterli addımlarından imtina edəcəyini düşünmürəm. Buna görə də Ermənistanda seçkilərdən sonra da müəyyən gərginliklərin və siyasi dalğalanmaların şahidi ola bilərik”.
Şəbnəm












