“Ermənistanda tam formalaşmış müxalifət görməyəcəyik. Bu, yarımçıq müxalifətdir. Əslində, Paşinyanın Ermənistan cəmiyyətində təxminən 50 faizə yaxın dəstək qazanması ölkədə ictimai və siyasi qütbləşmənin göstəricisidir”.
Gununsesi.info bildirir ki, bunu deputat Tural Gəncəliyev deyib:

“Bu, birincisi. Digər tərəfdən, bu nəticə Paşinyanın çox güclü olmasını deyil, daha çox müxalifətin zəifliyini və daxili ixtilaflarını göstərir. Yəni ortada nə güclü iqtidar, nə də güclü ana müxalifət var.
Bu, yarımçıq müxalifətdir. Birdəfəlik resurslarla gücləndirilmiş bir müxalifətdir. Samvel Karapetyan da Rusiya-Erməni oliqarx çevrəsinin nümayəndəsi kimi ön plana çıxarılmış, gündəmə gətirilmiş və birdəfəlik istifadə üçün gücləndirilmiş bir namizəddir.
Bu vəziyyət bir növ dünya çempionatı öncəsi bədən qurucularının yarışa hazırlığına bənzəyir. Paşinyana güc nümayiş etdirmək istədilər, müəyyən dəstək verildi, lakin məlum oldu ki, onun hətta ana müxalifət funksiyasını yerinə yetirmək üçün yetərli resursları və imkanları yoxdur.
Bu, birinci məsələdir. Kim deyir ki, sülh gündəminə yalnız ana müxalifət və ya yarımçıq müxalifət mane ola bilər? Hətta Paşinyanın həddindən artıq Avropa yönümlü mövqeyi də sülh gündəminə təsir göstərə bilər.
Məni daha çox cəlb edən məqam başqa idi. Avropa İttifaqının ən yüksək vəzifəli şəxslərindən biri olan Ursula fon der Lyayenin Paşinyanı təbrik edərkən söylədiyi fikirləri oxudum. Orada bir ifadə diqqətimi çəkdi və bunu hətta təhlükəli məqam hesab edirəm. Bildirildi ki, Paşinyanın qələbəsi Məxməri İnqilab ruhunun qələbəsidir.
Bu nə deməkdir? Məncə, bu, Soros ideyalarının yenidən Cənubi Qafqaza gətirilməsi cəhdidir. Üstəlik, bunu Avropa İttifaqının ən yüksək səviyyəli rəhbərləri dilə gətirirlər. Ursula fon der Lyayen Avropa Komissiyasının sədridir.
Ermənistanda Rusiya yönümlü qüvvələrin hakimiyyətə gəlməsində heç kim maraqlı deyil. Bunlar vaxtilə marjinallaşmış Robert Köçəryan–Serj Sarkisyan cütlüyü, sonradan yenidən ön plana çıxarılan Samvel Karapetyan və artıq zəiflədilərək neytrallaşdırılmış keşişlər hərəkatıdır. Bunların hamısının eyni mərkəzlə bağlı olduğu aydındır”.
Şəbnəm












