Təhsil eksperti, sabiq deputat Etibar Əliyev İsrail Knessetinin qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı təşəbbüsün dayandırılmasını müsbət qiymətləndirib.
Gununsesi.info-nun xəbərinə görə, o bildirib ki, bu məsələ ilə bağlı mövqeyini hələ 29 iyun 2026-cı ildə şəxsi “Facebook” səhifəsində ifadə edib.
Etibar Əliyevin sözlərinə görə, İsrail hökumətinin həmin dövrdə qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərar Türk dünyasına arxadan vurulan zərbə kimi qiymətləndirilməli idi.
Ekspert qeyd edib ki, buna baxmayaraq, İsrail-İran müharibəsi dövründə İsraili müdafiə edən çoxsaylı məqalələr yazıb, yəhudi elminin və intellektual irsinin əhəmiyyətini vurğulayıb.
O əlavə edib ki, şəxsi kitabxanasında 200-dən çox yəhudi alimi və yazıçısının əsəri mövcuddur və Holokost faciəsini hər zaman qətiyyətlə pisləyib.
Etibar Əliyev xatırladıb ki, görkəmli bioqrafiya müəllifi Coşua Koenin İsrailin Baş naziri Benyamin Netanyahunun babası Benzion Netanyahu haqqında yazdığı bioqrafik əsər barədə də paylaşım edib və həmin kitab haqqında məqalə yazıb.
Sabiq deputatın fikrincə, əgər Benyamin Netanyahunun fəaliyyətinə rəğbət bəsləməsəydi, onun babası haqqında yazılmış kitabı almaz və bu əsərlə bağlı məqalə də qələmə almazdı.
Etibar Əliyev hesab edir ki, son proseslərdə Azərbaycanın vasitəçilik səyləri də öz təsirini göstərir.
Onun qənaətincə, bu, yaxın perspektivdə Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşacağına dair mühüm siqnaldır.
Elmar











