Fazil Mustafa: “Bu özbaşınalığa son qoyulmalıdır”

  • By admin
  • 27 Mart 2024 13:04

Bakı Dəmiyolu Vağzalının və “Qış Parkı”na məxsus avtodayanacaqlarda müəyyən edilən parklanma qiymətləri birmənalı qarşılanmayıb.

Qeyd edək ki, adıçəkilən ərazilərdə bir neçə saatlıq maşın saxlamaq 10-20 manata başa gəlir ki, bu da minimum əmək haqqının 345 manat olduğu ölkənin vətəndaşı üçün ciddi problem deməkdir. 

Milli Məclisin deputatı Fazil Mustafa Gununsesi.info-ya açıqlamasında bahalı qiymət tarifinin yolverilməz olduğunu deyib:

“Bu qiymət tarifləri bir mərkəzdən- Nazirlər Kabineti tərəfindən müəyyən olunmalıdır. Əslində bu cür tariflər qanunsuzdur. Çünki özbaşınalıq yaranır. İstənilən qurum özbaşına tarif müəyyən edir ki, bu da yolverilməzdir. Buna son qoyulmalıdır”. 

Deputat hesab edir ki, tıxacın həlli yolu bahalı parklanma qiyməti deyil: “Bu, primitiv və anlaşılmayan bir yoldur. İnsanların həm də iş həyatını çətinləşdirir. Tıxac problemini  həll edərkən iqtisadiyyata da ziyan vurmamalıyıq. Bu o deməkdir ki, insanlar əl-qolunu bağlayıb evində otursun və heç bir yerə getməsin. Burada problemin optimal həlli yolu tapılmalıdır. Hesab edirəm ki, Nazirlər Kabineti bu məsələyə ciddi yanaşma ifadə etməlidir”. 

Şəbnəm Rəhimova

Gununsesi.info