Fazil Mustafa da psixoloqun intiharından danışdı: "Bu, cəmiyyətin alt qatlarında ciddi problemlərin yaşandığından xəbər verir"

  • Müəllif: admin
  • 26 Yanvar 2017 10:58

fazil-mustafa

“Tanınmış psixoloq da intihar edib. İntiharların adiləşməsi cəmiyyətin alt qatlarında çox ciddi problemlərin yaşandığından xəbər verir. Sosioloji tədqiqatlar aparan, rəy sorğusu keçirən quruluşların fəaliyyəti də ortada yoxdur ki, tendensiya barədə doğru-dürüst bilgilər əldə etmək mümkün olsun”.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa qeyd edib.

Onun qeyd etdiyinə görə, hər halda intihar motivləri barədə geniş təhlillər aparılmalıdır.

“Sosial vəziyyətin ağırlaşması məsələnin bir tərəfidir, ancaq təkcə bir motivlə bu faciəli addımın atılması inandırıcı görünmür. Dövlət səviyyəsində də bu tendensiyanın qarşısının alınması üçün ciddi işlər görülməlidir. Milli Məclisin müvafiq komitələrində və plenar iclasda bu mövzuda açıq müzakirəyə ehtiyac var.

Çox narahatedici bir durumdur, konkret təkliflər vermək də çətindir. Hər halda səbəbləri və motivləri cəmiyyətdə soyuqqanlı şəkildə müzakirə olunmalıdır ki, bundan sonrakı faciələrin qarşısını almaq mümkün olsun”-deyə, o, sonra qeyd edib.

K.HƏMZƏOĞLU

Gununsesi.info