
ABŞ Mərkəzi Bankı son iclasında çoxdan gözlənilən faiz dərəcələrini 0,25 faiz bəndi artırılaraq 0,50%-0,75% aralığından 0,75%- 1,0%-ə qaldırılıb.
Gununsesi.info xəbr verir ki, bu qərardan sonra maliyyə bazarlarında ilkin reaksiyalar maraqlı olub. Dolların bahalaşacağı gözlənilirdisə, tamamilə əks proses gedir: neft 2,5%, evro 1%, funt-sterlinq 1,2% bahalaşır. Qeyd edək ki, Mərkəzi Bank bu gün üçün USD/AZN məzənnəsini 1,7282 səviyyəsində müəyyən edib. Beləliklə, bugünkü hərracda manat dollara nisbətən 0,46% bahalaşıb. Görünən odur ki, dolların indiki məqamda bahalaşması həddən artıq olub.
FED-in pul siyasətini müəyyənləşdirən Federal Açıq Bazar Komitəsi (FOMC), inflyasiyanın orta müddətdə 2 faiz hədəfinin ətrafında sabitləşəcəyini bildirib, uzunmüddətli federal fond nisbətinin 3% səviyyəsində olacağını proqnozlaşdırıb.

İqtisadçı-ekspert Natiq Cəfərli qeyd edir ki, FED-in faiz artımından sonra birjalarda fəqrli təpkilər görünür: “Bunun əsas səbəbi ondan ibarətdir ki, bazarlar artiq faiz artımını həzm etmişdi. Sadəcə əsas fokuslanma faiz dərəcələrinin 3 dəfə artacağı ilə bağlı idi. Təqribən 4 faizlik artım proqnozlaşdırılırdı. FED rəhbəri Yellen bildirdi ki, bu il 3 dəfə faiz artımı olacaq. Bunun 1-i artıq mart ayında reallaşdı. Bundan sonra daha 2 faiz artım olacaq, yəni əlavə 1 faizlik artıma getməyəcək. Bu da, birjalar tərəfindən pozitiv alqılandı”.
N.Cəfərliyə görə, hələ ki, birjalar ilkin təpkini verdi: “Getdikcə, ajiotaj səngiyəcək. Bir neçə gündən sonra, daha uzun vadelər üçün təpkilər başlayacaq”.

İqtisai və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə bildirir ki, FED uçot stavkasının artırmasına baxmayaraq manat yenidən dəyər qazanmaqdadır: “Son illər ilk dəfə olaraq FED-in qərarı valyuta bazarımızda dollara olan tələbi, demək olar, artırmadı. Martın bayramlar ayı olmasına baxmayaraq, idxala artan tələb bazarın xarici valyuta təklifi ilə tənzimlənir. Beynəlxalq Bankın hərraclarda zəif iştirakı da dollara olan tələbin tənzimlənməsinə imkan yaradır. Praktik olaraq, Beynəlxalq Bank valyuta bazarındakı tələbə təsir edə biləcək əsas bankdır. Adıçəkilən bankın valyuta bazarındakı passiv mövqey də dollara tələbin yüksəlməsinin qarşısını alır və nəticədə manat möhkəmlənir. Digər tərəfdən, vətəndaşların öz xarici valyutalarını manat çevirməsi milli valyutanın məzənnəsinin möhkəmlənməsini şərtləndirən səbəblərdəndir.Təbii ki, manat bazasının azalması fonunda büdcənin infrastruktur xərclərinin optimallaşdırılması da kursa birbaşa təsir göstərir. Təbii ki, manatın məzənnəsinin möhkəmlənməsi sosial və iqtisadi baxımdan məqsədəuyğundur. Və burada ən vacib məqam məzənnə stabilliyinə nail olmaqdır”.
Manatın məzənnəsi necə dəyişə bilər? Manat hansı hallarda möhkəmlənməkdə davam edə bilər?
“Gözlənildiyi kimi, Mərkəzi Bank Dövlət Neft Fondundan transfert edilən 7.5 milyard manatı hərraclara çıxarmayacaq. Baş bank digər alətlərdən istifadə edərək dollara olan tələbi optimallaşdırır. Əgər sözügedən vəsaitdən Beynəlxalq Bankın sağlamlaşdırılması üçün istifadə ediləcəksə, o zaman növbəti aylarda da Beynəlxalq Bank da hərraclarda az görsənəcək. Belə olan halda isə Mərkəzi Bank üçün manatın mövcud məzənnəsini qorumaq xeyili asan olacaq. Çünki bu hərracda əsas alıcılardan birinin xarici valyuta tələbinin hərracdan kənar ödənilməsi deməkdir. Əgər bu ssenari baş verərsə o zaman manatın məzənnəsində stabillik əldə etmək mümkündür”,-deyə V.Bayramov vurğulayır.
Vüsalə Rüstəmova
Gununsesi.info







