FHN-in xilasediciləri üçün xüsusi təlim təşkil olundu -Fotolar

  • By admin
  • 15 Dekabr 2021 16:58

Dekabrın 11-dən 19-dək Fövqəladə Hallar Nazirliyi (FHN) və Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyinin qarşılıqlı əməkdaşlığı çərçivəsində Qusar rayonunda dağ alpinizmi və qar uçqunlarında axtarış-xilasetmə üzrə təlim keçirilir.

Gununsesi.info xəbər verir ki, təlim FHN-in xilasedicilərinin mürəkkəb relyefli və çətin iqlim şəraitində, eləcə də qar uçqunları zamanı yaranmış vəziyyətin qiymətləndirilməsi, axtarış-xilasetmə, zərərçəkmişlərin təxliyəsi və onlara ilkin yardımın göstərilməsi üzrə bilik və bacarıqlarının artırılması, habelə müasir texnika və avadanlıqlardan istifadə üzrə peşəkar vərdişlərinin gücləndirilməsi, bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə təşkil olunub.

Təlimə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Şimal Regional Mərkəzi və Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin müvafiq şəxsi heyəti və xüsusi texnikası, təlim görmüş itlər cəlb edilib.

Təlim nəzəri və praktiki hissədən ibarət olmaqla keçirilir.

Təlimin gedişində avstriyalı mütəxəssislər tərəfindən şəxsi heyətə Fövqəladə Hallar Nazirliyinin yeni aldığı qar uçqunları zamanı istifadə olunan müasir axtarış-xilasetmə texnika və avadanlıqları, onların taktiki-texniki xüsusiyyətləri və istifadə qaydaları, qar uçqunu altında qalan zərərçəkmişlərin xilas edilməsi və təxliyəsi, müvafiq təhlükəsizlik qaydaları üzrə nəzəri məşgələlər keçirilib.

Təlimin praktiki hissəsində avstriyalı mütəxəssislərin təlimatları əsasında xilasedicilər mürrəkkəb relyefli dağlıq ərazilərdə əlverişsiz hava şəraitində axtarış-xilasetmə işlərinin təşkili, qar uçqunu altında qalmış zərərçəkmişlərin xilasetmə avadanlıqlarından istifadə etməklə axtarışı, xilas olunması, ilkin yardımın göstərilməsi üzrə praktiki tapşırıqlar yerinə yetirirlər.

Təlimdən sonra FHN-in xilasedicilərinə Avstriya Daxili İşlər Nazirliyinin müvafiq sertifikatları təqdim olunacaq.

Qeyd edək ki, bu tədbir iki nazirlik arasındakı əməkdaşlıq çərçivəsində həyata keçirilən sayca beşinci təlimdir.

Gununsesi.info