FHN polkovniki Bakıda iki qardaşın ölməsi ilə nəticələnən yanğının detallarını açıqlayıb –  YENİLƏNİB

  • By admin
  • 22 May 2017 19:17

2017-02-02-09-08-48yangin_bina_01444555

 

“Yanğın barədə Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat saat 16:53 radələrində daxil olub. İlkin yanğın avtomobili 6 dəqiqə sonra hadisə yerinə çatıb və binanın 4-cü mərtəbəsində mənzilin alov içərisində olduğu haqqında məlumat verib”.

APA-nın məlumatına görə, bunu Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev deyib.

Onun sözlərinə görə, dərhal hadisə yerinə texnika və şəxsi heyət göndərilib, təxminən 30 dəqiqə sonra yanğın məhdudlaşdırılıb, 15 dəqiqə sonra tam söndürülüb.

“Yanğının sondürülməsi zamanı mərtəbələrdən 2 azyaşlı uşaq xilas edilib. Kəşfiyyat zamanı mənzildə iki qardaş – 52 yaşlı Çeykullayev Aleksandr Petroviç və 54 yaşlı Çeykullayev Anatoli Petroviçin meyitləri aşkar olunub. Qonşuların sözlərinə görə, qardaşlardan biri xəstə, digəri isə içkiyə meylli olub, tüfeyli həyat keçirib”, – deyə polkovnik bildirib.

FHN rəsmisi qeyd edib ki, yanğın nəticəsində 1 otaqlı, ümumi sahəsi 30 kvadrat metr olan mənzilin yanar konstruksiyaları yanıb: “Qonşuların dediyinə görə, əvvəlcə mənzildə partlayış baş verib, mənzilin pəncərəsi qırılıb, partlayışdan sonra yanğın baş verib. Hazırda hadisə yerində tədqiqatçılar araşdırma aparır, əlavə məlumat veriləcək. Hadisənin hansı səbəbdən baş verməsi dəqiq müəyyənləşəcək”.

Mənzildə olan şəxslərin tüstüdən zəhərlənməsi və ya yanaraq ölməsinə gəlincə isə, R. Xudiyev bunun ekspertiza nəticəsində müəyyən olunacağını deyib.

FHN də yanğın barədə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, Bakı şəhəri, Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus 1 otaqlı mənzilin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən mənzildən 2 nəfərin yanmış meyiti aşkar olunub, 2 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

Digər mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

 

 

***

 

saat 18.30

 

Bakıda yaşayış binasında yanğında ölən qardaşların şəxsiyyəti müəyyənləşib.

APA-nın əməkdaşı hadisə yerindən xəbər verir ki, yanğın nəticəsində Çeykullayev Aleksandr Petroviç (52 yaş) və Çeykullayev Anatoli Petroviç (54 yaş) yanaraq ölüb.

 

 

***

 

 

saat 18.07

 

Bakıda yaşayış binasında baş vermiş yanğının qarısı alınıb.

APA-nın hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğında iki qardaş ölüb.

Onların kimliyi dəqiqləşdirilir.

Araşdırma aparılır.

 

***

 

saat 17.32

 

Bakıda yaşayış binası yanır.

APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Ziya Bünyadov prospekti 11 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindəki mənzildə meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

 

Gununsesi.info