“Finlandiya təhsilindən nümunə götürsünlər, uşaqlara zülüm etmək olmaz…”-Ekspertlər nazirin təklifini şərh etdi…

  • By admin
  • 03 Oktyabr 2021 08:16

Xəbər verdiyimiz kimi təhsil naziri Emin Əmrullayev “Təhsildə yeni çağırışlar” 2-ci Beynəlxalq Forumunda çıxış edərkən məktəb yaşının 5 yaşa qədər azaldılmasını təklif edib.

Bəs görən uşaqlarımızın təhsilə 5 yaşdan başlaması təklifini təhsil ekspertləri necə qarşılayır?

 Gununsesi.info xəbər verir ki, Moderator.az-ın əməkdaşı bununla bağlı təhsil eksperti, professor Şahlar Əsgərov və sabiq təhsil naziri, professor Firudin Cəlilovun fikrini öyrənib.

Firudin Cəlilov saytımıza açıqlamasında bu təklifin əleyhinə olduğunu bildirib və Finlandiyanın təhsil sistemini nümunə göstərib:

“Onsuz da uşaqlar uşaq bağçasında məktəbəqədərki təlim-tərbiyəni alırlar, şəkillər üzərində söhbətlər qura bilirlər. Bir növ uşaq bağçalarında beş yaşlı uşaqlar məktəbdə öyrənəcəklərini orda öyrənirlər. Ona görə uşaqları çox yükləmək düzgün deyil. Çünki uşaq da bir uşaqlıq çağlarını yaşamalıdır. Hər bir uşağın o yaş dövründə yaşaya biləcəyi anları onun əlindən almaq düzgün deyil. Vaxtilə uşaqlar 7 yaşında təhsilə başlayırdı, sonra 6 yaş oldu və indi də 5 yaşdan təklif edirlər. Belə getsə, gəlib ona çıxacaq ki, uşaq ancaq anadan olandan məktəbdə oxumalıdır. Bu yanaşma isə pedoqoji, psixoloji, uşaqların sağlamlığı baxımından düzgün deyil. Mən bu təklifin əleyhinəyəm.

Dəfələrlə bunu demişəm və bir daha təkrar edirəm. Uşaqları, körpələri o şəkildə dərslə yükləmək cinayətdir, olmaz. Bir gedib Finlandiyaya baxsınlar. Dünyada ən gözəl təhsil sistemi ordadır. Bizdə uşaq ağır çantayla məktəbə gedib-gəlir, dərs yükü ağırdır. Kimin ağlına nə gəlirsə, bir dərslik yazıb uşaqların belinə yükləyir. Mən hətta feyzbukda birinci sinifə gedən nəvəmin şəklin paylaşmışdım. Nəvəmə o qədər ev tapşırığı veriblər ki, uşaq yazıb və sonda yorulub yuxu tutub yatıb. Onda nəvəmin şəklini paylaşanda sual vermişdim ki, uşaqlarımıza niyə belə zülüm edirsiniz?! Əlbəttə, o şəkildə təhsil proqramını hazırlayanlar millətin gələcəyini düşünmürlər. Uşaqlar sağlam böyüməlidir, onları o qədər yükləmək olmaz. Ən vacib məsələləri öyrətmək lazımdır. Oxuya, yaza, sərbəst danışa bilsinlər, nitq mədəniyyətini öyrənsinlər. Birinci sinifə gedən nəvəm şikayət edib deyir ki, müəllim imla yazdırır və mətni elə sürətlə oxuyur ki, çatdırıb yaza bilmirik. Birinci sinif uşağına o şəkildə imla yazdırlarlar?! Yəni bunları deməkdə məqsədim odur ki, təhsillə təhsil işçiləri məşğul olmalıdır”.

Professor Şahlar Əsgərov isə nazirin təklifi ilə razılaşdığını bildirdi və bununla yanaşı, dərs yükünün azaldılmasını da istisna etmədi:

“İdeya yaxşı ideyadır. Çünki dövlət nə qədər gənclərin təhsilin, tərbiyəsin öz üzərinə götürürsə, bu, dövlətə başucalığıdır. Amma indi qaldı ki, beş yaşdan uşaqlara nə öyrədiləcək, bu maraqlıdır. Mən həmişə bu təkliflə çıxış etmişəm və bildirmişəm ki, ibtidai siniflər milli dildə olmalıdır. Yəni başqa dillərdə təhsilin əleyhinə getmirəm. Amma ibtidai sinif milli dildə olmalıdır. Çünki burda əsas baza prinsipi olaraq Volkovun məşhur kəlamına söykənirəm. Volkov deyirdi ki, “Milləti ən yaxşı halda uşaqlar təmsil edir və onlarda millilik öləndə millətin ölümü başlayır”. Əgər bu beş yaşlı uşaqlara milli dəyərlərimizi, torpağımızı, anamızı, atamızı dəyər halına gətirib öyrədəcəyiksə, hesab edirəm ki, bu müsbət təklifdir. Amma dərs yükünün azaldılmasının mən də tərəfdarıyam”.

 Gununsesi.info