Fransa həbsxanasında azadlığa bənzər həyat - REPORTAJ

  • By admin
  • 07 Aprel 2018 10:32

Gununsesi.info Fransa həbsxanalarındakı həyat tərzi ilə bağlı Azadlıq radisounun reportajını təqdim edir:

William limonlu biskvitin üzərinə krem çəkir, başqa bir aşpazsa boşqablara qaynar paelya çəkir. Son iş günündə mətbəx personalının işi çoxdur, amma yemək gözləyən restoran müştərilərinə yox, nahar fasiləsinə çıxmış həbsxana işçilərinə xidmət edirlər.

Fransanın cənubundakı gözəl mənzərəli Vilnöv-syur-Lo şəhərində yerləşən Eys təcridxanasına xoş gəlmisiniz. Qaronna çayının sahilində yerləşən şəhər təcridxanadan çox orta əsrlərə aid memarlığı ilə tanınır. Hökumət həbsxanaların həddindən çox dolmasının həlli məqsədilə pilot layihə gerçəkləşdirir.

70 min məhbus

Ötən ay prezident Emmanuel Macron qısamüddətli həbs hökmlərinin ləğvi, yaxud elektron bilərzik və ev dustaqlığı kimi alternativlərlə əvəzlənməsi haqda tədbirlər paketi təklif edib. Bundan başqa, yaxın 4 il ərzində ölkədə ümumilikdə 7 min kameralıq həbsxanalar tikiləcək. Təkliflər planında dustaqların probasiya və yenidən inteqrasiyasını asanlaşdırmaq üçün iş yerlərinin yaradılması da nəzərdə tutulub.

Fransada 2001-ci ildə 48 min məhbus varıydısa, bu gün bu say 70 minə çatmaq üzrədir.

«Hökmlər etibarlı və anlaşılan olmalıdır. Mümkün qədər sərt olması şərt deyil», – Macron deyib.

Bəziləri Macron-un bu planını cinayətkarlığa qarşı çox yumşaq sayırlar. Digərləri isə, özəlliklə də Fransa həbsxanalarında çiçəklənməkdə olan radikalizmi nəzərə alaraq, bu planın çox şeyə nail ola bilməyəcəyini düşünürlər. Ancaq bu təkliflər paketi bir il öncə Eysdə başlanmış «Respect» (Hörmət) pilot layihəsi kimi eksperimentlərə yol açıb. Layihə ispan modeli üzərində qurulub.

«Təkrar cinayət törətmiş şəxslərin sayının azalması məsələsində hələlik elə bir nəticə əldə etməmişik. Ancaq məhbuslar arasında fiziki zorakılığın və pozuntuların azaldığını görürük», – Eys təcridxanasının rəhbəri Philippe Sperandio deyir.

2015-ci ildən «Respect» layihəsində iştirak edən 18 həbsxana məhbuslar arasında intihar hallarının azaldığını bildirib. Yaxın iki ildə daha 20 cəzaçəkmə müəssisəsinin pilot layihəyə qoşulacağı gözlənilir.

Böyük rəqabət

«Respect» Eys təcridxanasının yalnız bir qanadında gerçəkləşdirilir və proqrama düşmək çox çətindir: böyük rəqabət var. Qəbul edilənlər kontrakt imzalayaraq bir sıra öhdəliklər götürməlidirlər. Məsələn, mobil telefon əldə etməyə və saxlamağa görə proqramdan qovulmaq riski var. Qaydalara görə, məhbuslar həftədə 25 saatlarını ya işləməli, ya da təhsil və sağlamlıq tədbirlərinə qatılmalıdırlar. Bundan başqa, məhbuslar növbə ilə ümumi əraziləri təmizləməlidirlər. Ancaq əvəzində onlara kameranın açarı verilir. Bu isə məhdud da olsa, azadlığın güclü rəmzidir.

Qərbi Avropada ən çox dolmuş həbsxanalar Fransadadır

«Sadəcə, səhər yuxudan durub işə getmək, tədbirlərdə iştirak onların həyata qayıtmasına, pozuntu və cinayət yolundan fərqli alternativlərin mövcudluğunu görməsinə kömək edir», – təcridxananın psixoloqu Ludmilla Issanchou deyir.

Təcridxana rəhbəri bir keçmiş məhbusun həbsdən çıxarkən ona daha öncə heç vaxt «Respect» kimi bir şey yaşamadığını deməsini xatırlayır.

«Onun yenidən həbsə qayıtmayacağını demək olarmı? Bilmirəm. Ancaq o, hər şeyi fərqli görməyə başlayıb. O, artıq nələri itirdiyini bilir», – təcridxana rəhbəri deyir.

Azadlığa bənzər bir şey

32 yaşlı şirniyyatçı William üçün bu pilot proqramı əvvəlki onillik penitensiar təcrübəsindən kəskin qopma deməkdir.

«Burada daim dəmir barmaqlıqlar olsa da, biz divarlar arasında azadlığa bənzər bir şey yaşayırıq», – o deyir.

Kiçik həbsxana bağçasında mühafizəçi Carol Cerjak bir neçə məhbusa sonuncu qış göyərtilərini toplamağa kömək edir. Eys işçilərinin sözlərinə görə, bu layihə, eyni zamanda, həbsxana nəzarətçiləri ilə məhbuslar arasında daha yaxşı münasibətlərin qurulmasına kömək edib. Bu hal Fransanın digər həbsxanalarındakı vəziyyətin tam əksidir.

«Mən çox nadir hallarda zorakılıqla üzləşirəm və özümüzü daha rahat hiss edirik. Bura gələn məhbus bir həftədən sonra tamamilə fərqli insan olur», – o deyir.

Avropa Şurasının son hesabatında deyilir ki, Qərbi Avropada ən çox dolmuş həbsxanalar Fransadadır, üstəlik, bu ölkədə məhbusların sayı durmadan artır. Danimarka və Hollandiyada bir həbsxana kamerasına 1 məhbus düşürsə, Fransada hər 100 kameraya 117 məhbus düşür. Paris kimi ərazilərdə bu göstəricinin daha yüksək olduğu bildirilir.

 

GUNUNSESİ.İNFO