Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində nə baş verir? — Daha iki bağça müdiri işdən çıxarılıb

  • Müəllif: Şəbnəm
  • 17 Sentyabr 2026 11:07

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində rəhbər şəxslərin vəzifədən azad edilməsi davam edir.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, son günlər Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bir sıra təhsil müəssisələrinin rəhbərləri vəzifələrindən uzaqlaşdırılıb.

Az öncə xəbər vermişdik ki, Gəncə şəhər 26 nömrəli məktəb-lisey kompleksinin direktoru Vüsalə Səfərova vəzifəsindən azad edilib.

Daha bir məlumata görə isə, Samux rayonunun Əhmədbəyli kənd uşaq bağçasının müdiri Şəms Məmmədəyova da vəzifəsindən çıxarılıb.

Məlumata əsasən, Şəms Məmmədəyovanın vəzifədən azad edilməsinə səbəb tərbiyə müəssisəsinə ayrılan qida məhsulları ilə bağlı məsələ olub.

Bununla yanaşı, Samux şəhər 5 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Gülmira Nəbiyevanın da qida məsələsi ilə əlaqədar vəzifəsindən azad edildiyi bildirilir.

Beləliklə, son günlər Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan müxtəlif təhsil müəssisələrinin rəhbərləri ilə bağlı ardıcıl işdən çıxarılma xəbərləri gündəmə gəlir.

Bəs Regional Təhsil İdarəsinin tabeliyində nə baş verir? Rəhbər şəxslərin vəzifədən azad edilməsinin səbəbləri nədir və bu qərarlar hansı əsaslarla qəbul olunur?

Gununsesi.info olaraq qeyd edirik ki, əldə etdiyimiz məlumatlar etibarlı mənbələrdən daxil olsa da, hazırda sözügedən məlumatlar aidiyyəti rəsmi şəxslər tərəfindən təsdiqlənməyib.

Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin mövqeyini öyrənməyə çalışırıq.

Qarşı tərəfin açıqlamasını təqdim etməyə hazırıq.

Zülfiyyə

Gununsesi.info