“Gucci” Azərbaycandakı filialından xəbərsizdir

  • Müəllif: admin
  • 07 Oktyabr 2019 22:18
Mağazada erməni modelin fotosessiyası, videogörüntülərinə yer verilməyəcək
Bildiyiniz kimi, İtaliya və Fransa sahibləri olan dünyaca ünlü moda divi “Gucci” 23 yaşlı erməni model Armine Harutyunyanı özünün 2020-ci ilin siması seçib. 1921-ci ildə İtaliyanın Florensiya şəhərində qurulan paltar və dəri əşya şirkətinin bu seçimi sosial mediada gündəmə damğasını vurub.
“Gucci”-nin 23 yaşlı erməni qızı bəyənməsi çoxlarını çaşdırıb və böyük etirazlar doğurub. Hətta deyilənə görə, “Gucci”nin bu addımı Fransada fəaliyyət göstərən erməni lobbisi ilə dostluğun nəticəsidir. Bəs görəsən, “Gucci”nin Azərbaycandakı filialı bu seçimi necə qarşılayıb? Brendin Bakının düz mərkəzində – “Neftçilər” prospektində yerləşən, üstəlik qiymətləri ilə əl yandıran mağazası da  erməni modelin fotosessiyası, videogörüntüləri ilə “bəzədiləcəkmi?”
Moderator.az olaraq bu suala aydınlıq gətirməyə çalışdıq. Əvvəlcə sözügedən mağaza ilə əlaqə saxladıq. Mağazadan əvvəlcə bildirildi ki, orda yalnız satıcılar otururlar və ofislə danışmağımızı məsləhət gördülər.
“Gucci”nin Azərbaycandakı ofisinin əlaqə nömrəsini öyrəndik, məsul şəxslə danışmaq istədiyimizi bildirdik. Özünü Reyhan adı ilə təqdim edən xanım, “sizi marketinq şöbəsi ilə birləşdirə bilərəm”, – desə də, xətt kəsildi.
Növbəti cəhdimiz 10 dəqiqədən sonra baş tutdu. Bu dəfə çox gülməli bir cavabla qarşılaşdıq: “Siz İtaliya ilə danışın. Biz işçiyik, heç nə bilmirik”.
Belə anlaşılır ki, dünyaca tanınan “Gucci” brendinin Azərbaycanda original mallardan (?) ibarət mağazasının filialı fəaliyyət göstərir, amma mağazada cavabdeh şəxs yoxdur. Nə isə…
Uzun çəkən çək-çevirdən sonra, sözün əsl mənasında, 3 gün, 3 gecə çalışmanın nəticəsində nəhayət ki, “customer servis”in mobil nömrəsini əldə edə bildik. Xəttin o biri başındakı xanım, “bizdə “Gucci” dükanı var, amma… bizə aid deyil. Sizi məhz hansı sual maraqlandırır?” – deyə zəngimizin məqsədini soruşdu.
Bu sualdan sonra sevindik ki, nəhayət, normal bir şəxslə danışa biləcəyik. Bu sevinclə də xanıma sualımızı ünvanladıq, zəngimizin məqsədini anlatmağa çalışdıq. Təssüf ki, xanım , ““Gucci”nin 2020-ci il siması erməni model Armine Harutyunyan oldu. Adətən dünyanın dörd bir yanında fəaliyyət göstərən filiallar simanın fotosessiyası, videogörüntüsü ilə bəzədilir. Bakıdakı filialda eyni hadisənin yaşanma ehtimalı varmı? Alıcılar “Gucci”yə daxil olanda erməni modelin fotoları ilə üz-üzə gələcəklərmi?” sualımızı eşidən kimi, “Bircə saniyə gözləyin”, – deyərək sükuta qərq oldu. Yenə “üzüntü”, yenə “həsrət”… Bircə saniyə oldu beş dəqiqə və dəstəy üzümüzə “odboy” verildi.
Növbəti zəngimizdə isə telefona Səbinə adlı xanım belə cavab verdi: “Biz o qadının şəkillərini qoymayacağıq. Bunun bizə heç bir aidiyyəti yoxdur. Biz ancaq malları satırıq, bu barədə də heç bir məlumatımız yoxdur”.
Hər zəng etdiyimizdə başqa adamla danışaqdan, eyni sualı dəfələrlə təkrarlamaqdan bezib, xanımdan bizi rəhbərliklə calaşadırmağı xahiş etdik. Maraqlıdır ki, danışdığımız Səbinə xanım belə, onlarda müdiriyyətin olub-olmadığından xəbərsiz idi. O, dəstəyin o başında yanındakılardan, “bizdə müdiriyyət var?” – deyə soruşdu və düz beş dəqiqədən sonra dəstəyi normal tərzdə danışan bir xanıma verdi. Eyni mövzunu həmin xanıma anlatdıqdan sonra nəhayət ki, istəyimizə qismən, də olsa, nail ola bildik.
Özünü “Sitek” şirkətinin PR meneceri kimi təqdim edən Nərmin adlı xanımdan isə bu cavabı aldıq: “Heç bir erməni xanımın, kimin siması olursa-olsun, Azərbaycandakı heç bir mağazada şəkli olmayacaq. Ola da bilməz. Bu, mümkün deyil. Çünki bizim 20 faiz torpaqlarımızı işğal edən bir dövlətin nümayəndəsinin şəkli heç bir yerdə asıla bilməz. Düşünürəm ki, politik əlifbanı “Gucci”nin ofisində də bilirlər. Anlayacaqlar bizim bu hərəkətmizi. Biz Azərbaycanda minə yaxın brendi təmsil edirik”.
“Təkcə “Emporium” “Sitek” şirkətinə aid olan mağazada 500-ə yaxın brend təqdim olunub. Yəni bu brendlərin hamısının demək olar ki, dünyada mövcud olan, tanınmış brendlərin əksəriyyətini “Sinteks” şirkəti gətirir və frençayzer üsulu ilə burda onların istehsal etdiyi malları satırıq. Yəni biz brendin burda bir nümayəndəliyi deyilik. Sadəcə olaraq, istehsal etdiyi malların Azərbaycanda satışı ilə məşğuluq”, – deyə Nərmin xanım əlavə etdi.
Onu da vurğuladı ki, “Gucci”ni Azərbaycanda təmsil edən kimsə yoxdur: “Nümayəndəliyi də yoxdur. Frençayzer üsulu ilə Azərbaycanda mağazası var və malları satılır. Əgər bizə sabah “Gucci” desə ki, “mağazada bu erməni modelin şəklini asmalısınız”. Biz əlbəttə ki, etiraz edəcəyik və başa salacağıq ki, bu, mümkün deyil. Bizim həmin o qızın təmsil etdiyi millətlə heç bir politik əlaqələrimiz yoxdur, ona görə də bu, qeyri-mümkündür”.
Çətin də olsa, axır ki, cavab ala bildik.  Araşdırmamız zamanı məlum oldu ki, “Gucci”nin mağazasında erməni modelin fotogörüntüləri, videoçarxları yayımlamayacaq.
Bundan başqa, onu da öyrəndik ki, sən demə, Bakının mərkəzindəki sözügedən mağaza heç “Gucci”yə məxsus deyilmiş! Malları isə mənşəyi məlum olmayan yerlərdən, hardan, necə, kimlər tərəfindən, hansı yollarla gətirildiyi belə, məlum deyil. Bir sözlə, “Gucci”nin “bəh-bəh”lə getdiyiniz mağazasından od qiymətinə aldığınız mallara belə, zəmanət verilməyə bilər. Bu barədə də geniş araşdırmamız olacaq.