Güclü külək nəticəsində ağacın avtomobilin üzərinə düşməsi hallarında hüquqi məsuliyyət hadisənin başvermə şəraitindən asılı olaraq müəyyən edilir.
Məsələ ilə bağlı Gununsesi.info-ya danışan vəkil Aynur Məmmədli bildirib ki, ilk növbədə avtomobilin qanunvericiliyə uyğun şəkildə park edilib-edilmədiyi araşdırılmalıdır.

Onun sözlərinə görə, avtomobil sığortalıdırsa, dəymiş zərərin ödənilməsi məsələsi əsasən sığorta şirkəti tərəfindən həll olunur. Bunun üçün hadisə aidiyyəti qurumlar tərəfindən rəsmiləşdirilməli və zərər sənədləşdirilməlidir. Vəkil qeyd edib ki, əgər ağacın və ya budağın qırılması aidiyyəti qurumların baxımsızlığı, vaxtında qulluq göstərilməməsi və ya nəzarətsizliyi nəticəsində baş veribsə, həmin qurumlar məsuliyyət daşıya bilər. Aynur Məmmədli vurğulayıb ki, belə hallarda vətəndaş məhkəməyə müraciət edərək dəymiş maddi zərərin ödənilməsini tələb etmək hüququna malikdir.
Beləliklə, güclü külək zamanı ağacın avtomobilin üzərinə düşməsi hallarında məsuliyyət avtomatik olaraq müəyyən edilmir. Hər bir hadisə ayrıca araşdırılır və qərar avtomobilin park qaydaları, sığortanın mövcudluğu, ağacın vəziyyəti və aidiyyəti qurumların üzərinə düşən vəzifələri yerinə yetirib-yetirməməsi nəzərə alınmaqla verilir.
Günay











