Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, Avropa İttifaqı ilə vizasız gediş-gəliş rejiminin davam etdirilməsi Tbilisinin bir sıra tələbləri yerinə yetirməsi ilə əlaqələndirilir. Onun sözlərinə görə, həmin tələblər arasında Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulması da yer alır.
“Bizə deyirlər ki, vizasız gediş-gəlişin davam etməsini istəyiriksə, Rusiyaya qarşı sanksiyalar tətbiq etməliyik. Bu isə ölkə üçün intihar demək olardı. Özümüzü məhv etsək, kim vizasız şəkildə Avropa İttifaqına gedəcək?” – deyə Papuaşvili qeyd edib.
Parlament sədrinin sözlərinə görə, Brüssel həmçinin Gürcüstanın viza siyasətinin Avropa İttifaqının siyasəti ilə uyğunlaşdırılmasını tələb edir.
Qeyd edək ki, Gürcüstanla vizasız rejimin məhdudlaşdırılması mexanizmi artıq hazırlanıb. 30 dekabr 2025-ci ildən qüvvəyə minən yeni qaydalara əsasən, Avropa İttifaqı ilk mərhələdə diplomatik və xidməti pasport sahibləri üçün viza güzəştlərini məhdudlaşdıra, müəyyən şərtlər daxilində isə bu tədbirləri digər vətəndaşlara da şamil edə bilər.
Son illərdə Tbilisi ilə Brüssel arasında münasibətlərdə gərginlik artıb. Avropa Komissiyasının ötən ilin noyabrında yayımladığı hesabatda Gürcüstanın Avropa İttifaqının tövsiyələrindən ciddi şəkildə uzaqlaşdığı qeyd olunub. Sənəddə hakimiyyətin vətəndaş cəmiyyətinin fəaliyyətini və əsas hüquqları məhdudlaşdıran addımlar atdığı, müstəqil media üzərində təzyiqlərin artdığı, hüquq-mühafizə orqanlarının həddindən artıq güc tətbiq etdiyi və Avropa İttifaqına qarşı sərt ritorikadan istifadə olunduğu vurğulanıb.
Onu da qeyd edək ki, hesabatın dərcindən sonra Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas bildirib ki, mövcud siyasət davam edərsə, Gürcüstanın Avropa İttifaqına üzvlük istiqamətində real irəliləyiş əldə etməsi mümkün görünmür və ölkə yalnız formal namizəd statusunu qoruyub saxlayacaq.
Buna baxmayaraq, Gürcüstan Prezidenti Mixeil Kavelaşvili DW-yə müsahibəsində ölkəsinin 2030-cu ilədək Avropa İttifaqına üzvlük üçün hazır ola biləcəyinə inandığını bildirib.
Afət












