
“Bizim üçün ən prioritet məsələ insan resurslarının doğru idarə edilməsidir ki, digər işlər də buradan qaynaqlanır”.
Gununsesi.info xəbər verir ki, bu fikri Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev insan resurslarının İdarə edilməsinə həsr edilmiş toplantıda səsləndirib.
Toplantının əhəmiyyəti barədə danışan SOCAR-ın İnsan Resursları Departamentinin rəisi Asib Bəkirli deyib ki, tərəqqiyə və inkişafa xidmət edən istənilən layihənin reallaşması, qarşıya çıxan problemlərin həllini tapması üçün qurum rəhbərinin iradəsi və dəstəyi xüsusi əhəmiyyət kəsb edir: “Bu baxımdan SOCAR-ın prezidenti Rövnəq Abdullayevin üç saat zaman ayıraraq SOCAR-da İnsan Resurslarının İdarə edilməsinə həsr edilmiş toplantı keçirməsi və “Bizim üçün ən prioritet məsələ insan resurslarının doğru idarə edilməsidir ki, digər işlər də buradan qaynaqlanır” deməsi və bütün problemlərimizin həlli ilə bağlı konkret göstərişlər verməsi, həmçinin İRD-nin fəaliyyətini yüksək qiymətləndirməsi kollektivimizə çox böyük motivasiyadır”- deyə, A.Bəkirli bildirib.
İdarə rəisi bildirib ki, bu məsələlərlə bağlı gələn ilin əvvəlində KİV və QHT-lərin iştirakı ilə geniş tədbir keçirəcəyik.
İdarə rəisi əlavə edib ki, həqiqətən də SOCAR ən böyük, ən münasib və ən çox işçi cəlb edən bir qurum kimi səriştəli insanların, həmçinin də gənclərimizin işlə təmin olunmasında və karyera inkişafında maraqlıdır: “Amma bu prosesin müsabiqə yolu ilə və şəffaf həyata keçirilməsi əsas məramdır”.
Bəzi şəxslərin sosial şəbəkələrdə və media orqanlarında SOCAR-da istər işə qəbulda, istər karyera yüksəlişində və dərəcə artımında, istərsə də bunlarla bağlı şəffaflığın təmin edilməsində müəyyən neqativ halların olması ilə bağlı səslənən fikirlərə gəldikdə A.Bəkirli deyib ki, şəxsən mən bu insanların münasibətlərini təbii qəbul edir və burada bir problem görmürəm, çünki təhqirə yol vermədən tənqid və təkliflər vermək hər kəsin hüququdur: “Hər yerdə nöqsan var, həmçinin SOCAR-da da, amma insan resursları sahəsində ədalət, obyektivlik və şəffaflıqda birinciyik. Məni narahat edən və hər zaman da irad kimi bildirdiyim odur ki, bu gün SOCAR-da tam şəffaflığın və dürüstlüyün canlı şahidi olaraq işə qəbul olunmuş, karyerası yüksəldilmiş, dərəcəsi artırılmış və haqqı bərpa edilmiş minlərlə insanlar çalışmasına baxmayaraq, bu kimi tənqidlərə heç 1%-i belə münasibət bildirmir. Söhbət edilən tənqidə kobud və yaxud da qeyri-etik cavabdan yox, etik çərçivədə özünü nümunə çəkməklə faktları təqdim etməkdən gedir. Axı ailəmizin üzvü olan bu insanlardan başqa bir təmənnamız olmayıb və yoxdur !?”
İdarə rəisi bir daha Rövnəq Abdullayevin toplantıda səsləndirdiyi fikirlərə istinadən edərək bildirib ki, SOCAR prezidenti həyata keçirilən İnsan Resursları transformasiya layihəsinin əhəmiyyətini bildirərək işə qəbuldə böyük rol oynayacağını dilə gətirib: “Bu layihə həmçinin daxili kadr potenisialımızdan daha səmərəli istifadəni və gənclərin işə qəbulunu tənzimləyəcək”.
Mürtəza
Gununsesi.info