Həbsdəki jurnalistin xanımı Baş Prokurorluğun qarşısında aksiya keçirib

  • By admin
  • 17 Yanvar 2022 17:06

Jurnalist Polad Aslanovun həyat yoldaşı Gülmira Aslanova yanvarın 17-də Baş Prokurorluq binası qarşısında növbəti etiraz aksiyası keçirib.

Gununsesi.info xəbər verir ki, o, baş prokuror Kamran Əliyevlə görüş tələb edib.

Aslanova jurnalistlərə həyat yoldaşının 2,5 ildir qanunsuz olaraq həbsdə saxlanıldığını və onun cinayət təqibinə son qoyulmasını tələb etdiyini bildirib. DİN-in Çevik Polis Alayının əməkdaşları onun Baş Prokurorluq binasına daxil olmasına imkan verməyiblər. Aslanovaya qəbul otağına getmək təklif olunub, amma o, imtina edib. Son nəticədə Aslanova Səbail rayon 9-cu polis bölməsinə aparılıb. O, daha sonra sərbəst buraxılıb.

“Mənə izahat yazdırmaq istəyirdilər. Mən isə belə olan təqdirdə vəkilimin dəvət olunmasını tələb etdim. Bundan sonra məni sərbəst buraxdılar”, – G.Aslanova bildirib.

Aksiyadan əvvəl Aslanova Turan-a bildirib ki, əri bu gün zəng edib və yanvarın 6-da başladığı aclığı davam etdirdiyini deyib.

Onun sözlərinə görə, şənbə günü Poladdan təhlil üçün qan götürülüb və elektrokardioqram çəkilib. Onun güclü nəfəs darlığı var və o, çox zəifdir.

Bu arada “Müdafiə Xətti” hüquq müdafiə təşkilatı yaydığı bəyanatda Polad Aslanovun vəziyyətindən narahatlığını ifadə edib. Ombudsman nümayəndələri ona baş çəkdikdən sonra saxlanma şəraiti yaxşılaşıb, amma ona tam tibbi yardım göstərilmir.

 

Gununsesi.info