Hər bir azərbaycanlının -950 AZN BORCU

  • By admin
  • 16 Fevral 2018 13:52

Məlum olduğu kimi, dövlətin xarici borcu 6 ay ərzində 2,2 milyard artaraq 9,4 milyard dollara yüksəlib. Xarici dövlət borcunun artım sürəti 6 ayda 31 faiz təşkil ediib. Beləliklə, adambaşına düşən xarici borcun həcmi 950 manata yüksəlib.
Gununsesi.info iqtisadçı-ekspert Nemət Əliyevə istinadən xəbər verir ki, bu borc məbləği ÜDM-in 22,8 faizi qədərdir ki, bu da 2014-cü ildən bəri 2.6 dəfə artması deməkdir: “(2014-cü ildə xarici dövlət borcunun ÜDM-ə nisbəti 8,6 faiz olmuşdur. Lakin xarici dövlət borcunun yalnız bu məbləğdən ibarət olmasını düşünmək sadəlövhlük olardı. Çünki dövlət zəmanəti ilə iri dövlət təşkilatlarının xaricdən cəlb etdiyi borcları da faktiki olaraq dövlət ödəyir. Dövlət zəmanəti ilə xaricdən alınıb iri dövlət şirkətlərinə ötürülmüş belə vəsaitlərin məbləği 01.07.2017-ci il tarixə olan məlumata görə 5,1 milyard dollar olub. Bu vəsaitləri də üzərinə gəlsək, o zaman xarici borc məbləğinin 14,5 milyard dollara yüksəlməsi aydın olar. Mərkəzi Bankın məzənnəsi ilə manata çevirsək, 24,7 milyard manat alınar. Bu məbləğ ÜDM-in 35,2 faizi qədərdir”.
N.Əliyev deyir ki, bu gedişat Azərbaycanın gələcəyi üçün yaxşı perspektiv vəd eləmir: “Odur ki, dövlət maliyyə vəsaitləri üzərində ciddi nəzarət mexanizmi qurulmalı, vəsaitlərin təyinatından yayındırılması əleyhinə təsirli tədbirlər görülməl və maliyyə vəsaitlərindən səmərəlli şəkildə istifadə edilməlidir. Lakin bu da yetərli deyil. Çünki indiki həssas zamanda neftin qiymətlərinin aşağı düşmə ehtimalı yüksəkdir. Bu ehtimal gerçəkləşərsə, xarici borc məbləği daha sürətlə böyüyə bilər. Odur ki, real islahatların önü açılmalıdır. Xüsusən də monopoliya və korrupsiyanın yığışdırılması, investisiya mühitinin yaxşılaşdırılması istiqamətində real tədbirlər həyata keçirilməlidir”.

Vüsalə
Gununsesi.info