Hadı Rəcəbli: “Axı, nə günahın sahibiyəm”

  • By admin
  • 07 Noyabr 2016 13:40

hadi

Millət vəkili Hadi Rəcəblinin “Qarabağ əlillərinə və vetranlarına pulsuz dərman pereparatların veriləməsi” ilə bağlı mətbuata verdiyi açıqlama ciddi rezonansa səbəb olub. Deputatın son açıqlamasından sonra sosal şəbəkələrdə ona qarşı sərt reaksiyalar göstərilir, karikaturaları çəkilərək paylaşılır.

Gununsesi.info millət vəkilinin son olayla bağlı Musavat.com-a verdiyi müsahibəni olduğu kimi təqdim edir:

“Bu qədər sərvət sahibinin parlamentdə oturmağa vaxtı olar?”

Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli son açıqlamaları ilə yenə də mətbuatın gündəminə əlavə müzakirə mövzusu gətirib. Vaxtaşırı “sarı simə” toxunması ilə mənfi personaya çevrilən komitə sədri sonuncu halda Qarabağ əlillərinin güzəştləri barədə dediklərinə görə “dilinin bəlasına” düşüb. Biz də özü ilə əlaqə saxlayıb nə baş verdiyini dəqiqləşdirmək istədik.  

– Hadı bəy, sizin növbəti açıqlamanız da kifayət qədər sərt reaksiyaya səbəb oldu. Heç özünüz bunun səbəbi barədə düşünürsünüzmü? Bəlkə susmaq daha yaxşı olardı, nəinki bu cür açıqlamalar vermək…

– Xahiş edirəm, mənim bu sualıma cavab ver: mənim orda bir günahım, səhvim, qəbahətim varmı?

– Qəbahət deyəndə ki, şəhidlərlə bağlı birdəfəlik müavinətin artırılmasını elə öz partiyadaşlarınız təklif edir, siz deyirsiniz, bu, mümkün deyil…

– Kim dedi onu? Axı mən deməmişəm. Demişəm zaman gələcək, ona baxacağıq.

– Sonuncu dəfə dediniz ki, niyə Qarabağ əlillərinə dərman pulsuz olmalı, nəqliyyatdan istifadə haqqı ödənilməməlidir? 

– Həmin yazıda da fikirlərim təhrif olunmuşdu. Yəni bazar iqtisadiyyatı dövründə demək olmaz ki, pulsuz olsun. Pulsuz nə ola bilər? Deyirlər ki, şəhid ailələri üçün təhsil pulsuzdur. Bu, düzgün deyil. Demək lazımdır ki, büdcə hesabınadır. Əgər avtobus özəldirsə, orda gediş haqqı necə pulsuz ola bilər? Vaxtilə ulu öndərimiz qanunları tənzimlədi. Qarabağ əlillərinə avtobusda getmələri üçün əlavə vəsait verildi. Aldıqları müavinətin üstünə əlavə olundu. Həmçinin apteklərdən alınan dərmanlara görə ünvanlılıq təşkil olundu. Yəni Qarabağ əlilinə xəstəliyi ilə əlaqədar dərman yazıldı, gedib aptekdən aldı, ancaq pulunu Əmək və Sosial Müdafiə Nazirliyi ödədi. İndi də vəziyyət belədir.

– Fikirlər var ki, Qarabağ əlillərinin sayı əhali nisbətində elə də çox deyil və onların təminatı məsələsi birdəfəlik həll oluna bilər. Mümkün deyilmi?

– Dünya təcrübəsi necədir? Elədir ki, əlil arabasında gəzən adam gedib pulunu ödəyir, özünü əskiltmir ki, “mən əliləm, pulsuz getməliyəm”. Yəni bu məqsədlər üçün əlavə müavinət verilir. Digər tərəfdən, mən deməmişəm ki, dərman pulsuz olmasın. Biz demişik ki, bazar iqtisadiyyatına keçid vaxtı məsələ tənzimləndi.

– Ancaq problem qalır. Dövlət hansısa yolla bu xərcləri tənzimləyə bilərmi?

– Bazar iqtisadiyyatının öz qanunları var axı.

– Hadı müəllim, axı, o insanlar Qarabağda döyüşüb sağlamlığını itirməsəydi, nə bazar olardı, nə iqtisadiyyat…

– Bu, artıq populizmdir. Qarabağ əlillərinə pulsuz maşın, mənzil verilib. Dediyiniz məsələ isə başqa cür həll olunur. Məsələnin ünvanlılıq məsələsi təmin olunmalıdır.

– Hansı ehtiyatlar hesabına təmin etmək olar ki, əlillərin, şəhid ailələrinin yaralarına az da olsa, məlhəm olsun?

– Bunlar tamam başqa söhbətlərdir, ayrıca müzakirəyə ehtiyac var. Söhbət mənim fikirlərimə münasibətdən gedirsə, sənə açıq deyirəm, vaxtilə məsələ bazar qanunlarına uyğunlaşdırıldı. Bazar qanunlarına uyğunlaşdırılanda heç kimin narazılığı olmadı.

– Amma elə həmkarlarınız da dedi ki, devalvasiyadan sonra 11 min manatlıq “qanpulu”, şəhid ailələrinə ayrılan müavinət, yaxud Qarabağ qazilərinə verilən təqaüd çox aşağıdır. Bununla bağlı nə etmək olar? 

– Devalvasiya söhbəti başqadır da. Yenə desəm ki, məbləği 1 milyona qaldırmaq lazımdır, bu, artıq lağlağı söhbəti olur. Onda söhbətimiz alınmayacaq. Belə çıxacaq ki, yenə jurnalistə müsahibə verirəm, yenə problem yaradıram. Mənim mübahisə mövzusu olan nədir? Bir cümləni yazmadıqlarına görə adamları qıcıqlandırıblar. Həmin cümlə budur: Heydər Əliyev bu münasibətləri tənzimlədi, yəni bazar münasibətlərinə uyğun tədbirlər gördü.

“Bundan sonra susummu?”

– Yenə günahkar jurnalistlər oldu?

– Yox, günah mənimdir ki, jurnalistlərə müsahibə vermişəm. Yaxşı, Elşad, mən danışmışam, mənim dediyim o bir cümləni niyə yazmayıblar?

– Sosial şəbəkələrdə daha çox bu təklif olunur ki, bəlkə Hadı Rəcəbli sussun, danışmasın…

– Ay sağ ol. Sənə indi danışdım. Amma bəs, neyləyim, bundan sonra susummu, danışmayımmı?

– Amma siz rəsmi şəxs olduğunuz üçün danışmağa borclusunuz… 

– Ona görə də danışıram. Elə isə danışdığımı mənim həmkarlarım təhrif etməsin də.

– Demisiniz ki, Üzeyir Cəfərov mənim gördüyüm işlərin bir faizini görməyib. Üzeyir Cəfərov Qarabağ müharibəsi veteranıdır, Horadizin azad olunmasında iştirak edib, ehtiyatda olan zabitdir…

– İndi qulaq as. Üzeyir Cəfərov də mənimlə eyni kənddəndir. O kəndin 100 sakininin imzası ilə məktub var. Mənim deputatlığım dövründə o kənddə məktəb, tibb məntəqəsi tikilib, rabitə qovşağı yaradılıb, kənd sakinlərinə qayğı göstərilib. O kənddə aprel döyüşlərinin iştirakçısı var, heç Üzeyirin ondan xəbəri yoxdur.

Gəlsin mənimlə danışsın, niyə gəlmir? Digər tərəfdən, mən Üzeyirə nə demişəm ki? Onunla nə işim var? O başqa işi görüb, mən başqa işi. Deynən onda Hadı müəllim 5 dəfə niyə seçilib, niyə ona etimad göstərilib? Mən də nə isə eləmişəm də. Bu dəqiqə Lənkərandakı Qarabağ Əlillər Cəmiyyətinin sədri buna görə Bakıya gəlib. Deyir Hadı müəllim, bu, nə biabırçılıqdır, kimlə istəyirsiniz, gedim görüşüm.

– Hadı bəy, camaat sizdən sosial müdafiə ilə bağlı təşəbbüslər gözləyir, siz öz müdafiənizi təşkil edirsiniz…

– Bəs, bu qədər sosial müdafiə addımlarını görmürsən? Şəhid övladlarının pulsuz təhsil alması ilə bağlı qərar qayğı deyil? Mən başqa məsələlər də fikirləşirəm. Ola bilər səhiyyə müəssisələrində Qarabağ əlilləri ilə bağlı növbədənkənar xidmət olsun. Mən vaxtaşırı onlarla görüşürəm, heç bu söhbətlərə dəxli yoxdur. Hər dəfə onları qəbul edib dinləyir, sonra parlamentə gedirəm.

– Yeri gəlmişkən, şəhid övladının təhsil güzəşti məsələsində 23 yaşla bağlı məhdudiyyəti götürmək olmazmı?

– 70 yaşına qədər verək?

– Müddəti bir az artırmaq olmazmı? 

– Ola bilər. Bunun üçün maliyyə tutumu bilinməlidir. Buna ayrıca baxıla bilər. Mənim İnşallah, çıxışım olacaq, görəcəksiniz. Boş danışmaqla deyil axı. Dünyada proseslər var da, biz neyləyək? Neftin qiyməti düşür və s.

– Bu arada sərvətlərinizdən də yazdılar…

– Heç bütün ölkədə olan sərvətləri yazmırlar, Hadı müəllimin sərvətləri nə çox gözə girdi? Bu qədər sərvət sahibinin parlamentdə oturmağa vaxtı olar? Parlamentdə hər gün saat 10-da işə gəlib axşam 7-də gedən adam Hadı Rəcəblidir. Hadının bu qədər vaxtı hardadır ki, getdi o işlərlə də məşğul oldu? Şişirtmə məsələlər, adamların xəyallarıdır. Mən o xülyalı adamlara minnətdaram ki, məni belə görmək istəyirlər.

– Sizi Prezident Administrasiyasına niyə çağırıb tənbeh ediblər. Olubmu belə şey?

– Axı, məni Prezident Administrasiyasına çağırmayıblar. Belə şeyə görə məni niyə çağırmalıdırlar, nə günah sahibiyəm? Bunlar hamısı təhriflərdir. Elektron mətbuatın günahıdır. Biri verir, digərləri də götürüb yayır. Hər iki halda mənim fikirlərim təhrif olunub və belə mübahisələr yaranıb. Mən bir daha demək istəyirəm ki, cəmiyyətin ən həssas qrup insanları ilə işləyirəm. Jurnalist həmkarlarımdan xahiş edirəm ki, bu həssas insanları qıcıqlandırmasınlar, mənim sözlərimi təhrif etməsinlər. Hadı müəllimin bir kəlməsini oynadırlar. Qıcıq yaratmaq istəyirlər, lap açığını deyək, hakimiyyətə qarşı rəy aşılamaq üçün. Hadı müəllim özü də həssas qrupdan çıxıb, fəhləlikdən gəlib, müəllim ailəsində böyüyüb. Neçə illərdir məni tanıyırsan, mənim davranışımda tərbiyəsizlik, hörmətsizlik, yekəxanalıq görmüsən? Olmayıb axı. (Musavat.com)

Gununsesi.info