“Heç kimə borclu deyilik…” - İlham Əliyev

  • By admin
  • 29 Sentyabr 2016 15:37

ilham-merkez

“Ölkə iqtisadiyyatı inkişaf edir. Son 13 il ərzində ümumi daxili məhsul üç dəfə artmışdır. Bizim böyük valyuta ehtiyatlarımız var və onlar ümumi daxili məhsulumuza bərabərdir. İşsizliyin, yoxsulluğun azaldılması ilə bağlı çox ciddi addımlar atılmışdır. Bu gün həm işsizlik, həm yoxsulluq ölkəmizdə təxminən beş faiz səviyyəsindədir”.

Gununsesi.info xəbər verir ki, bunu ölkə Prezidenti İlham Əliyev V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində çıxış edən zaman deyib.

O, deyib ki, savadlılıq təxminən 100 faizdir.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının böyük bir hissəsi təbii resurslarla bağlıdır. Neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, Azərbaycan bu böhrandan çox az itkilərlə çıxır və bu gün dinamik inkişaf davam edir.

“Dünən mənə məlumat verildi ki, Davos Dünya İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətliyinə görə Azərbaycanı 37-ci yerə layiq görüb. Dünya miqyasında rəqabət qabiliyyətliyinə görə 37-ci yeri tutmaq hesab edirəm ki, gənc dövlət üçün böyük nailiyyətdir. Nəzərə alsaq ki, bizim müstəqilliyimizin ilk illəri çox ağır keçirdi, çox dərin siyasi böhran, iqtisadi böhran yaşanırdı. Qaçqınların, köçkünlərin adambaşına düşən sayına görə Azərbaycan dünyada ilk yerlərdədir. Bu, çox acı statistikadır, amma bu, belədir. Bu da əlbəttə ki, bizim maliyyə resurslarımızı cəlb edib. Bütün bunlara baxmayaraq düzgün iqtisadi siyasət, cəmiyyətdəki əmin-amanlıq, sabitlik, qonşularımızla yaxşı münasibətlər, beynəlxalq təşəbbüslərimiz bu gün Azərbaycanı dünyada sabitlik və inkişaf məkanı kimi təqdim edir.

Biz fəxr edirik ki, 25 il müstəqil dövlət kimi yaşayırıq, öz hesabımıza yaşayırıq, heç kimə borclu deyilik, heç kimdən asılı deyilik, müstəqilliyi hər şeydən üstün tuturuq, xalqımız azaddır, taleyimiz öz əlimizdədir. Gözəl ölkə qurmuşuq və bundan da gözəl olacaq. İstəyirik ki, ümumi işimizə daha böyük töhfə verək. Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi də bu niyyətin bir hissəsidir…”-deyə, Prezident sözlərinə əlavə edib.

Gununsesi.info