Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ümumrayon tədbiri keçirildi - DAŞKƏSƏNDƏ + FOTOLAR

  • By admin
  • 05 May 2017 18:00

unnamed (17)

Daşkəsənlilər Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə ciddi hazırlıqla, böyük ruh yüksəkliyi ilə gəliblər. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin tapşırığı ilə hazırlanan tədbirlər planına uyğun olaraq rayonda bu tədbirə yüksək səviyyədə hazırlıq işləri görülüb.

İcra Hakimiyyətindən Gununsesi.info-ya verilən məlumata görə, Daşkəsən Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarda, ümumtəhsil məktəblərində, mədəni-maarif müəssisələrində dəyirmi masalar, ədəbi-bədii kompozisiyalar, rəsm və inşa yazı müsabiqələri, bilik və idman yarışları, oxucu konfransları təşkil olunmuşdu. Keçirilən tədbirlərdə daşkəsənlilər bir daha ulu öndərə olan xalq sevgisini, məhəbbətini nümayiş etdiriblər.

May ayının 5-də Rayon İcra Hakimiyyətinin başçısı cənab Əhəd Abıyevin, YAP rayon fəallarının, aidiyyəti orqanlarının əməkdaşlarının iştirakı ilə Ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki heykəlinin önünə əklil və gül dəstələri qoyuldu, Ümummilli lider böyük ehtiramla yad edildi. Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətindən bəhs edən dahi liderə həsr olunmuş filmə və eksponatlara baxış keçiriblər. Sonra da tədbir Daşkəsən Rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirilib.

Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev dahi lider haqqında geniş və dərin məzmunlu nitq söyləyib, müstəqil Azərbaycanımızın memarı, qurucusu və xilaskarının ölkəmizin tarixində əvəzsiz xidmətlərindən, ölkənin daxilində vətəndaş müharibəsinin qarşısını almasından, bu gün sürətlə davam edən Azərbaycanın inkişafı üçün qoyduğu bünövrədən ürək dolusu danışıb.

Əhəd Abıyev çıxışında qeyd etmişdir ki, Azərbaycan cəmiyyətinin bütün sahələrinin inkişafında, dövlətçiliyin möhkəmlənməsində, o cümlədən milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında misilsiz rol oynamış Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin mayın 10-da anadan olmasının 94-cü ildönümünü qeyd edirik:”Heydər Əliyev Azərbaycan milli tarixində özünəməxsus yer tutan elə nadir tarixi şəxsiyyətlərdəndir ki, onun  zəngin irsi hələ uzun müddət siyasətçilərin, filosofların, tarixçilərin və tədqiqatçıların diqqət mərkəzində olacaqdır. Gördüyü işlərin nəticəsidir ki, ölkəmizin hər yerində bu böyük şəxsiyyətin anadan olmasının 94 illiyi xalqımızın və bütün dünya azərbaycanlılarının dərin ehtiramı ilə geniş şəkildə qeyd edilir.

Ümummilli lider Heydər Əliyev 14 ildir, aramızda olmasa da, onun ideyaları, siyasi irsi, yaratdığı dövlətçilik məktəbi, Ulu öndərin şah əsəri olan, uğrunda mübarizə apardığı, ağır faciələrdən, siyasi, sosial-iqtisadi və mənəvi-psixoloji böhranlardan xilas etdiyi müstəqil və demokratik Azərbaycan inkişaf edir, yeni-yeni uğurlar qazanır, Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır.

Ümummilli lider həm də Azərbaycanda əsl vətəndaşlıq, əsl siyasətçi, əsl dövlət xadimi nümunələrini bizə miras qoyub. Onun möhkəm iradəsi, siyasi uzaqgörənliyi, idarəçilik istedadı, dövlətə rəhbərlik bacarığı, qlobal düşüncə tərzi Azərbaycanın müstəqilliyi və milli dövlətçiliyi uğrunda apardığı mübarizə dövründə – 1990-cı illərin əvvəllərində daha qabarıq tərzdə üzə çıxıb. Xalqımızın ciddi və taleyüklü problemlər qarşısında dayandığı həmin dövrdə Heydər Əliyev Azərbaycanın müstəqil dövlətçiliyinin, milli birliyinin qorunub  saxlanılmasında misilsiz tarixi xidmətlər göstərib,  xalqı məhv olmaq təhlükəsindən xilas etmək missiyası həyata keçirib”.

İcra başçısı çıxışını bu cümlə ilə bitirib:”Ulu öndər Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Respublikasının möhtərəm Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə eşq olsun!”

Daha sonra Daşkəsən Rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevin geniş məzmunlu nitqindən sonra Prezident Administrasiyasının məsul işçisi Qafar Əliyev də Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında tədbirdə çıxış edib.

unnamed (21) unnamed (20) unnamed (19) unnamed (18)

Gununsesi.info