Hökməli kəndində “Sufi Həmid” qədəmgahları

  • By admin
  • 16 Oktyabr 2017 16:30

1507922122_timthumb

Azərbaycan xalqı tarixən Allah  dostları olan övliyalara, diyar-diyar dolaşan dərvişlərə və peyğəmbər soyundan gəldikləri üçün seyidlərə xüsusi rəğbət bəsləmiş, onlara sahib çıxmış və qorumuşdur.  Təsadüfi deyil ki, öz ölkələrində təqiblərə, əzab-əziyyətlərə məruz qalmış və qətl edilmək təhükəsi ilə üzləşən peyğəmbər övladları zaman-zaman Azərbaycana pənah gətirmişdir. Əhlibeytdən olnlara buranın əhalisi tərəfindən daima rəğbət bəslənmiş və qucaq açılmışdır. Bu diyarın insanlarında ALLAH dostlarına olan sevgi o qədər böyük olmuşdurki, hətta müqəddəs bildikləri övliyaların vəfatlarından sonrada yaşadıqları yerləri və məzarları ziyarətgah və pirlərə çevrilmişdir. Təbii ki, ALLAH-ın seçilmiş dostlarına olan sevgi həmdə bizim xalqın ALLAH-a olan sevgisinin təzahürüdür .

Azərbaycanda övliyalaın adı ilə bağlı çoxlu sayda ziyarətgahlar mövcuddur ki, bu  ziyarətgahlardan ikisidə Abşeron rayonunun Hökməli kəndində yerləşən Sufi Həmid qədəmgahları və yaxud sakinlər arasında deyildiyi kimi Sufi Həmid pirləridir. Tarixi orta əsrlərə olan aid bu iki ziyarətgahın yaranma səbəbləridə olduqca maraqlıdır.

Sufi Həmid adlı böyük övliya ilə əlaqədar bu ziyarətgahlarda Sufi Həmidin və yaxud yaxınlarına məxsus məzarları yoxdur.  Bəs o zaman kimdir bu Sufi Həmid və ziyarətgahlar niyə sakinlər arasında müqəddəs hesab edilir? Təəssüf ki, mənbələrdə Sufi Həmid haqqında o qədər də geniş məlumat yoxdur. Yalnız Sofi Həmidin 14-cü əsrdə Azərbaycana səfər etmiş molla tacir olduğu və yaxud bəktaşiyyə tərqətinin qollarından birinə mənsub bir sufi şeyxi olduğu qeyd edilir.

Rəvayətə görə ömrünün sona çatdığını anlayan Sufi Həmid müridlərinə və övladlarına vəfatından sonra nəşini ağ dəvənin üzərinə qoyulmasını və dəvə harda çökərsə orda dəfn edilməsini vəsiyyət edir. Yaxınları və müridləri vəfat etmiş Sufi Həmidin cansız bədənini ağ dəvənin üzərinə qoyub yola düşürlər.

Ağ dəvə birinci dəfə Hökməli kəndinin girişində çökür və hamı məzarın orada qazılmasına hazırlaşdığı anda gözlənilmədən ayağa qalxan dəvə yola düşür. İlk çökdüyü ərazidən bir qədər aralanan dəvə ikinci dəfə yenidən Hökməli kəndinin başqa səmtində dizləri üstə çökür.Lakin yenidən ayağa qalxaraq  40-km ərazini durmadan qət  edən dəvə üçüncü dəfə hal-hazırda Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində, Miəcik adlanan ərazisində dizləri üstə çökür.Yaxınları tərəfindən dəvənin çökdüyü yerdə dəfn edilən şeyxin məzarı  Sufi Həmid piri adlı ziyarətgaha çevrilir. Hazırda  Sufi Həmid piri xalq arasında sevilən və kəramətlərinə inanılan böyük ziyarətgahlardan biridir.

Deyilənlərə görə indiki türhbə çox daha sonralar XVIII əsrdə tikilib. Sofi Həmid piri  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunur.

Ziyərətgahda dəvənin çökmə anını ifadə edən daşdan yonulmuş ağ dəvə heykəli qoyulmuşdur.İnanca görə, dizləri üstə çökən «ağ dəvə» ilə yer arasında yaranmış çox qısa məsafəni keçə bilən insan öz arzusuna çatır.

Maraqlıdır ki, dəvənin Hökməli kəndində çökdüyü ilk iki yer bir-birinə yaxın ərazilər olsada ikinci dəfə qalxan dəvə uzun məsafəni bir dəfəyə qət edərək hal-hazırda şeyxin qəbrinin olduğu yerə qədər çökməmişdir.

Sufi Həmidin xalq arasında olan hörmətinin və insanların Sufi Həmidə olan sevgisinin nəticəsi olaraq məzarından əlavə olaraq dəvənin çökdüyü hər iki yer qutsanmış yer olaraq müqəddəs hesab edilmişdir. Hal-hazırda dəvənin çökdüyü hər iki yer sakinlər tərəfindən Sufi Həmid qədəmgahlarının üzərində türbələr tikilmiş və həmin ziyarətgahlar Sufi Həmid qədəmgahları adıyla müasir dövrümüzə qədər qorunaraq gəlmişlər.Sakinlər arasında qədmgahların orta əsrlərdə tikildiyi söylənilir.

Birinci qədəmgah:

Hökməli kəndinin özündə yerləşən birinci qədəmgah dairəvi olmaqla islam dini abidələrinin memarlıq üslubuna xas künbəzli tikilidir.Qədəmgahın hündürlüyü  4 metr, eni 3.20, uzunu 3.30 metrdir.

Ziyarətgahın tikilmə tarixi məlum deyil(Şəkil 1).

Hökməli kəndində “Sufi Həmid” qədəmgahları

İkinci qədəmgah:

İkinci qədəmgah Hökməli kəndi yeni yaşayış massivində Hökməli-Qobu yolunun sağ tərəfində yerləşir. Qədəmgah eyni birinci tikili kimi dairəvi və künbəzlidir.Tikilinin hündürlüyü 5 metr, eni 4.20, uzunu 4.30 metirdir. Ziyarətgahın tikilmə tarixi məlum deyil (Şəkil 2).

Hökməli kəndində “Sufi Həmid” qədəmgahları

 

Qədəmgahın içində sonralar sakinlər tərəfindən qoyulmuş simvolik olaraq Sufi Həmidin ağ dəvəsinin çökdüyü anını təsvir edən ağ dəvə heykəli vardır.

Fərman Salmanlı

Hökməli bələdiyyəsinin

sədr müavini, Hüquqşunas