
Azərbaycan hökuməti elan etdiyi dərin islahatlara start verdi.
Bir müddət öncə Gununsesi.info-nun Azərbaycan hakimiyyətinin İslam Həmrəyliyi Oyunlarından sonra dərin islahatlara başlayacağı ilə bağlı verdiyi proqnoz özünü doğrultdu.
Mayın 23-də yazdığımız məqalədə hökumətin idarəetmənin optimallaşdırlması, oxşar strukturların birləşdirilməsi və çevik idarəetmə sistemi yaradılması ilə bağlı dərin islahatlara başlayacağı barədə məlumat vermişdik. Bununla hakimiyyət idarəetməni optimallaşdırmaqla çevik idarəetmə sistemi yaratmaqla, xərclərin azaldılmasına nail olmaq istəyir.
Budur, artıq hakimiyyət çox keçmədən bu islahatlara start verdi. Və bu islahatlara ilk olaraq Prezident Administrasiyasından başlanıldı. Həyata keçirilən ciddi islahatlar nəticəsində Prezident Administrasiyasında bir sıra şöbələr və müşavirlik institutu ləğv edilərək, Administrasiyanın aparatı yığcamlaşdırıldı. Nəticədə bir sıra iriçaplı kadrlar oyundankənar vəziyyətə düşdü. Bu kadrlar sırasında general-leytenant Məhərrəm Əliyev, Fatma Abdullazadə, Vahid Axundov, Kamal Abdulla və Vahid Əliyev var. Belə ki, onlar öz postlarını itirmiş oldu.
Prosesin bundan sonra daha da sürətlənəcəyi, vitse-prezidentlik institutunun tam formalaşdırılması, bir sıra oxşar dövlət strukturların ləğv olunaraq birləşdiriləcəyi gözlənilir. Hələ bir müddət öncə ölkə mediasında da oxşar və paralel qurumların birləşdirilməsi və bunun nəticəsində kütləvi ixtisarların gedəcəyi barədə məlumatlar yer alıb.
“Musavat” qəzetində hələ may ayının ortalarında gedən yazıda hökumətin prosesə İslamiadadan sonra başlayacağı və prosesin dekabradək davam edəcəyi, bunun nəticəsində isə idarəetmə strukturlarında çalışan 140 minə yaxın məmurun ixtisar olunacağı qeyd olunub.
Gununsesi.info isə bu islahatların daha geniş sahəni əhatə edəcəyi barədə proqnozlar verib. İslahatların əsas hədəfi isə çevik idarəetmə mexanizi formalaşdırmaqla yanaşı, idarəetmənin optimallaşdırılması, xərclərin azaldılması və faydalılıq əmsalının artırılmasıdır. Çünki ölkə başçısı İlham Əliyevin dərin islahatlar konsepsiyasının əhatə dairəsi kifayət qədər genişdir və bu dairədə idarəetmə sisteminin təkmilləşdirilməsi haqlı olaraq əsas yerlərdən birini tutur. Bu islahatların əsas prioritetlərindən birini iqtisadiyyatın getdikcə daha artıq dərəcədə liberallaşması, bazar iqtisadiyyatı münasibətlərinin və təfəkkürünün möhkəmləndirilməsi insanların fəaliyyətinin stimullaşdırılması təşkil edir. Yəni insan fəaliyyətinin motivasiya əsaslarına yeni baxışın formalaşması aydın şəkildə müşahidə olunmaqdadır. Bu mənzərə bütün fəaliyyət sahələrində, o cümlədən dövlət idarəçiliyinə aid olan fəaliyyət sahələrində özünü büruzə verməkdədir. Xüsusilə də yüksək təhsilli gənclər arasında vəzifə perspektivləri və inkişafı daha çox sağlam praqmatik yanaşmalara istinad edəcəyi gözlənilir. Optimallaşdırmaya gəldikdə isə idarəetmə sahəsində islahatların həssas cəhəti optimallaşma ilə əlaqədardır. O baxımdan dövlət idarəçiliyi sahəsində ağlabatan optimal yanaşmanı tətbiq etməklə bürokratik aparatın əsassız olaraq şişməsinin qarşısını almağa çalışır. Bürokratik aparatın şişirdilməsi büdcə xərclərinin artması ilə yanaşı, idarəçiliyin keyfiyyət parametrlərini aşağı saldığından, ölkə başçısı islahatlar yolu ilə problemi həll etmək niyyətindədir. Statistik məlumatlar Azərbaycanda bu sahədə ciddi tədbirlərin görülməsinə ehtiyac olduğunu göstərir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə dövlət idarəetməsi, müdafiə və sosial təminat sahəsində 287,3 min nəfər çalışıb, hansı ki, 2010-cu ildə dövlət idarəçiliyində çalışanların sayı 279 min nəfər olub. Bu da ayrı-ayrı ölkələrdə dövlət idarəçiliyində çalışan işçilərlə müqayisədə təxminən, 3 dəfə artıqdır. Dövlət Statistika Komitəsinin məlumatından aydın olur ki, Azərbaycanda əhalinin hər 10 min nəfərinə 287 nəfər dövlət idarəçiliyi sahəsində çalışan işçi düşür ki, bu göstərici ABŞ, Almaniya, Yaponiya və Rusiya Federasiyasında 100-110 nəfər arasındadır. İdarəetmənin optimalaşdırılması istiqamətində islahatların hakimiyyət strukturlarının həm şaquli, həm də üfüqi idarəetmə istiqamətlərində əhəmiyyətli dəyişikliklərin həyata keçirilməsini zəruri edir. Burada optimal həddə ixtisarların aparılması ilə yanaşı yeni idarəetmənin təkmilləşdirilməsi məsələsini özündə ehtiva edir. Çünki bu günün aktual problemidir. Yəni bu yolla dövlət idarəçiliyi aparatı nəinki sayca optimallaşdırlacaq, habelə idarəçiliyin çevikliyinə, qərarların qəbulu müddətinin minimuma endirilməsinə xidmət edəcək.
O baxımdan Prezident Administrasiyasında həyata keçirilən islahatlar bu islahatın bariz göstəricisidir. İslahatların belə başlanğıcı onu deməyə əsas verir ki, islahatlar nə qədər ağrılı da olsa ölkə başçısı islahatların həyata keçirilməsində israrlıdır. Ola bilsin bu islahatlar qısa zaman ərzində deyil, indiki ağır sosial-iqtisadi vəziyyətə uyğun olaraq tədricən, ancaq davamlı olaraq həyata keçirsin. Odur ki, islahatların bundan sonra daha çox bu tempə uyğun gedəcəyi ağlabatandır.
Mürtəza Bünyadlı
Gununsesi.info









