
Amerikanın ATƏT-in Minsk Qrupundakı sabiq həmsədri Riçard Hoqlandın Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı son açıqlaması demək olar ki, son bir neçə gündür Ermənistanın ictimai-siyası gündəmini nəinki zəbt edib, eyni zamanda ciddi ajiotaja səbəb olub. Baxmayaraq ki, bundan öncə də amerikalı diplomatlar, xüsusən də Metyu Brayza və Ceyms Uorlik Riçard Hoqlandın səsləndirdiyi fikirlərə yaxın təklifləri yenidən səsləndiriblər. Bəs o zaman niyə erməni ictimaiyyəti belə dəyib bir-birinə? Niyə bu qədər əl-ayağa düşüb, amerikalı diplomatın səsləndirdiyi fikirləri müxtəlif formada yozaraq onun əhəmiyyətini azaltmağa və ya heç bir şey baş verməmiş kimi təqdim etməyə çalışırlar? Bəs onda niyə demək olar ki, bütün erməni politoloqları və ekspertləri bu məsələyə müxtəlif rakursdan yanaşır? Kimisi bu təklifləri ermənilərin maraqlarına uyğun olmayan təklif və İrəvana bir sillə kimi dəyərləndirirsə, digər qrup ekspertləri isə tamamilə başqa formada yanaşır. Ancaq bütün açıqlamalarda ermənilər İrəvanın işğalçılıq siyasətinin iflasa uğradığını və danışıqlar prosesinin nəticəsinin onların ziyanına işlədiyi qənaətindədirlər. Yəni erməni ekspertlər də işğalçılıq siyasətinin nəticədə Ermənistanın bir suveren dövlət kimi varlığını sual altında qoyacağını görüb, artıq dolayısı ilə etiraf etməkdədirlər.
Amerikalı diplomat Riçard Hoqlandın açıqlamasına gəldikdə isə onun bu açıqlamanı Serj Sarkisyanla Vladimir Putinin Soçi görüşü ərəfəsində verməsi daha çox diqqəti çəkən məqamlardandır. Niyə məhz görüş ərəfəsində belə bir bəyanat səsləndi? Hoqlandın bu açıqlamasını əslində İrəvan və Moskvaya bir mesaj kimi də dərəyləndirmək olar. Vaşinqton bununla demək istəyir ki, Cənubi Qafqaz maraq dairəsindədir və mənsiz Kreml orada istədiyi planı reallaşdıra bilməz. Yəni Vaşinqtonun iştirakı və razılığı olmadan hər hansı digər qüvvə Cənubi Qafqazda geosiyasi düzəni dəyişə bilməz. Vaşinqton bununla da Qarabağ münaqişəsi ilə bağlı Kremlin danışıqlar prosesini öz nəzarətinə keçirməsini və onun nəzarəti altında davam edərək həll edilməsinə etiraz edir.
Ağ Ev bildirmək istəyib ki, Kremlin münaqişələrin həlli ilə bağlı təklif etdiyi resept və masa üzərində olan planlar heç də Bakının maraqlarına uyğun deyil. Çünki ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilyi ilə aparılan danışıqlar masasında daha fəqrli təkliflər var.
Digər diqqət çəkən məqam isə ondan ibarətdir ki, amerikalı diplomat bu təklifləri səsləndirməklə Bakının Qarabağ münaqişəsində etdiyi güzəştləri ortaya qoyduğunu və topun İrəvanın meydançasında olduğunu demək istəyir. Ağ Ev İrəvanın Bakının addımlarına qarşılıqlı olaraq cavab addımı atması mesajını verib.
İrəvanın danışıqla rprosesində konstruktivlik nümayiş etdirərək status-kvonun dəyişməsi istiqamətində konkret addımlar atmasına işarə edib. Bakının istədiyi kimi İrəvanın spekulyativ danışıqlara son verərək, nəticəli, substantiv danışıqlar mərhələsinə keçməyi mesaj verib.
Bax, İrəvanı narahat edən və təşviş yaradan da budur. Artıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi rolunu oynayan əsas ölkələrdən biri olan ABŞ-ın problemin həlli ilə bağlı konkret şərtlər daxilində həllini təklif etməsi İrəvanı “siyasi nokaut” vəziyyətinə salıb. Necə deyərlər, bu təkliflər Qarabağ münaqişəsinin həllindəki “yol xəritəsi”dir və bu təkliflərə uyğun olaraq münaqişə sülh yolu ilə həllini tapa bilər. Bu olmayacağı təqdirdə ortaya digər həll yollarının, daha doğrusu güc variantının dövriyyəyə girəcəyini qaçılmaz edir. Bunun da hansı fəlakətlərə və ya digər bölgələri də öz ağuşuna alacağı heç kimdə şübhə yaratmasın. Və bunun nə ilə nəticələyini belə proqnozlaşdırmaq mümkün deyil. İrəvanın bu hay-küyünün də səbəbi hansı yolla olur-olsun, yenə də destruktivlik nümaiy etdirib danışıqlar masasında olan təkliflərdən yan qaçmağa xidmət edir.
Mürtəza Bünyadlı
Gununsesi.info










