İcra başçısı sakinlərin problemini dinlədi, MƏMURLARA TAPŞIRIQ VERDİ

  • By admin
  • 20 Aprel 2018 17:10

Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov rayonun hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Şingədulan kəndinə vətəndaşlarla səyyar görüş-qəbul keçirib.

Rayon icra hakimiyyətindən Gununsesi.info-ya verilən məlumata görə əvvəlcə kənd əhalisini salamlayan icra başçısı Rövşən Bağırov görüş iştirakçılarını 11 aprel tarixində ölkəmizdə keçirilən Prezident seçkilərində növbəti dəfə Prezident cənab İlham Əliyevin möhtəşəm qələbəsi münasibəti ilə sakinləri təbrik edib.
R.bağırov çıxışında qeyd edib ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar qrafikinə uyğun olaraq bu gün növbəti dəfə sizlərlə görüşürük.
Son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən danışan natiq sosial layihələrin həyata keçirilməsi, infrastrukturun yenilənməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti tərəfindən keçən 3 ay ərzində rayonumuzda 10 modul tipli kənd məktəbinin, Noda kənd uşaq bağçasının tikintisi,  Veri kəndinə qaz xəttinin və Lerik şəhərinə və Şingədulan, Molalan, Sors, Geskon kəndlərinə yeni su xətlərinin çəkilməsi ilə bağlı imzalanmış sərəncamların ölkə rəhbərinin rayonumuza göstərdiyi böyük diqqət və qayğısının bariz nümunəsi olduğunu qeyd edib.
Rayonda və Şingədulan ərazisində aparılan tikinti-quruculuq və abadlıq işlərindən söhbət açan rayon icra hakimiyyəti başçısı Azərbaycanın qarşıdan gələn illərdə də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edərək yüksək nailiyyətlər əldə edəcəyini vurğulayıb.
Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlardan Qulamhüseyn İsmayılov, Mirzəxan Mahmudov, Paşa Şirinov, Babəli Quliyev, Əvəz İbadov, Şükür Feyziyev , Rüfət Kərimov və başqaları görülən işlərə görə minnətdarlıqlarını bildiriblər. Ərazidə kəndlərarası avtomobil yollarının və elektrik xətlərinin təmirinə, Zenoni kəndində yeni məktəb binasının tikintisinə, Laman kəndinə su xəttinin çəkilməsinə və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.
Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd edib, aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.

A.HUSEYN

Gununsesi.info