İcra başçısı sakinlərlə görüşdü - FOTO

  • By admin
  • 06 Noyabr 2017 07:54

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə rayonun Soru kəndində vətəndaşlarla səyyar görüş keçirilib.

RİH-dən Gununsesi.info-ya verilən məlumata görə icra başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamlayaraq bildirib ki, ərazilərdə, kəndlərdə vətəndaşlarla görüşlər ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədi ilə mütəmadi olaraq keçirilir.

İcra başçısı qeyd edib ki, sizinlə belə görüşlərimiz bir neçə dəfə olub. Bu gündə qrafikə uyğun olaraq növbəti dəfə sizlərlə birlikdəyik: “Cənab Prezidentin dediyi kimi “Azərbaycan vətəndaşına dövlət qurumları tərəfindən hər yerdə hörmət olmalıdır, onlarla normal rəftar edilməlidir”.

R.Bağırov bu tələb respublikamızın hər bir dövlət idarəsinin fəaliyyətində əsas prinsipə çevrilib. Biz bir daha görürük ki, Prezidentin istəyi xalqa xidmət etməkdir, problemləri həll etmək, insanları incitməmək, əsassız tələblər irəli sürməmək bu tələblərin mahiyyətini təşkil edir. Müstəqil Azərbaycanın iqtisadi yüksəlişi bu amillərə  möhkəm təməl yaratmışdır. Son illərdə Prezident İlham Əliyevin səyləri ilə ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu mükəmməl strateji kursun dönmədən davam etdirilməsi nəticəsində insanların həyat səviyyəsi  xeyli yüksəlmiş, onların güzəranına, ehtiyaclarının ödənilməsinə qayğı və diqqət artmışdır. Bütün bunlar rayonumuzun sakinlərini də ürəkdən sevindirir, fərəhləndirir, yeni qələbələrə ruhlandırır.
Cənab Prezidentin rayonumuza göstərdiyi xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycanın digər rayonları kimi, Lerik rayonu da ildən-ilə inkişaf edir və abadlaşır. Son illər rayon mərkəzi ilə yanaşı ucqar dağ kəndlərimizdə də yeni məktəb binaları tikilib istifadəyə verilmiş, bir neçə kəndə qaz xətti çəkilmiş, kəndara yolları təmir edilmiş, bir neçə kəndin yoluna asfalt döşənmişdir”.

Daha sonra RİH başçısı Soru kəndinin də daxil olduğu Əliabad ərazisində qaz çəkilişi, məktəb tikintisi, mədəniyyət sahələrində və elektrik təsərrüfatında görüləcək işləri qeyd edib, aidiyyəti idarə rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Səyyar görüşdə çıxış edən vətəndaşlar görülən işlərə görə ölkə başçısına və rayon rəhbərinə  minnətdarlıqlarını bildiriblər.

Sakinlər ərazidə elektrik və rabitə xətlərinin təmirinə, mübahisəli pay torpaqlarının düzgün bölünməsinə, su probleminin həllinə, qaz xəttinin çəkilişinə, Soru kənd yolunun təmirinə və yeni məktəb binasının tikilməsinə köməklik göstərilməsini icra başçısından xahiş ediblər.
Sonda icra başçısı görüşdə vətəndaşlar tərəfindən verilmiş təkliflərə və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə zəruri tədbirlərin görülməsindən ötrü aidiyyəti vəzifəli şəxslərə yerində tapşırıqlar verib.

Gununsesi.info