İcra başçısının köməkçisi: “Həbs edilməmişəm”

  • By admin
  • 13 İyun 2016 18:39

nizamedd

“Mən hazırda işdəyəm. Həbs olunmağım barədə xəbərlər yalandır. Bu xəbərləri uyduranlar icra başçısının nüfuzuna xələl gətirmək istəyənlərdir”. Bu sözləri gununsesi.info-ya açıqlamasında Goranboy rayon icra hakimiyyəti başçısının köməkçisi Fuad Əliyev Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olunmasına dair xəbərə aydınlıq gətirərkən söyləyib. Xatırladaq ki, elektron mediada DTX-nın icra başçısı Nizaməddin Quliyevin ətrafında əməliyyat keçirdiyi barədə məlumatlar yayılıb. Həmin məlumatda iddia olunur ki, yerli polisin də iştirak etdiyi əməliyyatda dövlətin təbii sərvətini ələ keçirməyə çalışan bir neçə məmur saxlanılıb. Belə ki, rayonun Tapqaraqoyunlu kəndində yerləşən, aprel döyüşlərinə qədər neytral zonada qalan Qızıl Kurqan deyilən ərazidə gizli qazıntı işləri aparan şəxslərbu ayın 11-dən 12-ə keçən gecə ifşa olunub.

Məlum olub ki, cəbhədəki son döyüşlərdən sonra tam nəzarətimizə keçən həmin ərazi bir sıra yerli məmurlar tərəfindən neçə gündür, ekskavatorlarla qazılır. Güman edilir ki, həmin ərazidən qızıl çıxarılırmış.

Məlumata görə, əməliyyat vaxtı əraziyə nömrəsiz avtomobillə gəlmiş icra başçısının Fuad Əliyev adlı köməkçisi, eləcə də 22 AA 010 xidməti avtomobillə orada olan rayon Su-Kanal İdarəsinin rəis müavini Misir Ələkbərov və bir neçə başqa vəzifəli şəxslər DTX əməkdaşları tərəfindən saxlanılıb.