İdmanda olduğum illəri çox gərgin keçirmişəm - BƏHRAM RƏCƏBZADƏ

  • By admin
  • 20 Sentyabr 2017 14:00

 

1-6-300x217

Azərbaycan Kikboksinq Federasiyasının (AKF) yığma komandasının üzvü, Orion İdman Klubunun idmançısı «Qızıl Qurd” ləqəbli Bəhram Rəcəbzadə 1991-ci ildə  Güney Azərbaycanın Urmiya şəhərində anadan olub. Bakıya  2015-ci ilin dekabrında Orion İdman Klubunun dəvəti ilə gəlib. Boyu 187 sm, çəkisi 91 kq. olan B.Rəcəbzadə A.F.S.O İnterkontinental Kəmər Döyüşünün qalibi, kikboksinq üzrə 7 qat İran və 8 qat super liqa (İran və Türkiyə) çempionudur. 2009-cu ildə  WOF açıq Avropa (Antaliya),  2011-ci ildə WOF dünya çempionu olub və WKF-nın dünya kəməri sahibidir.  2013-cü ildə WPKA dünya (Afina),  2016-cı ildə isə kikboksinq üzrə Azərbaycan çempionu (Bakı) olmuşdur.

Guunsesi.info xəbər verir ki, Bəhram Rəcəbzadə böyük idmana gəlişi, Azərbaycana dəvəti, həyatı və digər məsələlər barədə «ilkxeber.org»a müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik:

— Bəhram bəy, əvvəlcə özünüz və ailəniz barədə məlumat verərdiniz?

— Mən 1991-ci ildə Urmiya şəhərində anadan olmuşam. Ailənin sonbeşiyi mənəm, məndən başqa bir qardaşım, iki bacım var. Atam Xudaverdi Rəcəbzadə memar, anam Şəhin xanım isə evdar qadındır. 7 yaşından idmanla məşğulam. Idmançı olmağımda böyük qardaşım Behnamın böyük rolu var. Bu günki uğurlarıma görə qardaşıma borcluyam, mənə çox şeyi o öyrədib. Behnam peşəkar idmançı idi, 57 kq. çəkidə İran yığmasının çempionu olmuşdu. İdmanla məşğul olmağımın maraqlı tarixçəsi var. Mən uşaq vaxtı çox dalaşqan, davakar olmuşam. Çöldə uşaqlarla dalaşanda onlara daş atıb müxtəlif  bədən xəsarətləri yetirirdım. Bu da həmin uşaqların valideynlərinin narazılığına səbəb olardı, qapımıza gəlib atama məndən şikayət edərdilər. Böyük qardaşım vəziyyəti belə görüb mənə idmanla məşğul olmağı məsləhət etdi. Əslində məqsədi məni uşaqlarla dava-dalaşdan kənarlaşdırmaq idi. Beləcə, qardaşımın tövsiyyəsi ilə idmana başlamalı oldum. Bir ildən sonra məşqçi yarışa çıxacağımı bildirdi. Artıq 8 yaşım olanda məni yeniyetmələr arasında Qərbi Azərbaycanda keçiriləcək yarışa dəvət etdilər. Ancaq nədənsə, atam bu yarışa qatılmağıma icazə vermədi…

2015-ci ilin dekabrında Orion İdman Klubunun dəvəti ilə Azərbaycana gəldim. Həyat yoldaşım, əslən Türkiyədən olan Nehir xanımla 4 il əvvəl Masallıda tanış olub ailə həyatı qurmuşuqUşaqlıqdan Bakı haqqında çox eşitmişdim, buralara böyük sevgim vardı. Həmişə buralara gəlmək barədə fikirləşirdim. Nə yaxşı ki, arzum baş tutdu. Ailə xoşbəxtliyimi də burada tapdım. Hər ikimiz Azərbaycanda kikboks üzrə yığmanın üzvüyük . Nehir xanım Türkiyənin Adana şəhərində anadan olmuşdur. 7 yaşından idmanla məşğul olub. İdmana həvəskar kimi taekvondo ilə başlayıb, peşəkar şəkildə voleybolla məşğul olub, futbol oynayıb, bir sözlə gənclik illərində  müxtəlif idman növlərində özünü sınayıb. Türkiyədə universitet bitirib. 2013-cü ildə Masallı şəhərində muay-tay üzrə keçirilən Dünya çempionatının qalibi olub. Türkiyədə muay-tay döyüşündə Avropa çempionatı mükafatçısıdır. Hazırda Türkiyə və Azərbaycanın milli komandalarında çıxış edir.

— Bəs Nehir xanımla tanışlığınız hansı şəraitdə baş tutdu?

— Mən onda İran komandasının heyətində çıxış edirdim. Nehir xanım isə Türkiyə milli komandası ilə gəlmişdi. Yarışda tanış olduq, sonra o Türkiyəyə, mən də İrana qayıtdım. Bir müddət sonra mən Türkiyəyə gəldim. Türkiyədə bizim toyumuz təzəlikcə olub. Burda da toy etmək istəyirik.

— Döyüşləriniz barədə nə deyə bilrəsiniz? Qələbə təbii ki, çox sevindiricidir, bəs məğlubiyyət hansı hisslər yaradır insanda?

— İdmançı döyüşə yalnız qələbə qazanmaq üçün çıxır. Amma həmişə qalib gəlmək də o qədər asan iş deyil. Gərək rəqibinin də qələbə üçün meydana çıxdığını, onun səndən də güclü ola biləcəyini mütləq nəzərə alasan. Arxayınçılıq idmançıya yalnız məğlubiyyət gətirə bilər. Mən idmanda olduğum bu illərimi çox gərgin keçirmişəm. Bu günə kimi 51 peşəkar döyüş keçirmişəm, 50 döyüşdə qələbə qazanmışam, cəmi bir döyüşü türkiyəli idmançıya uduzmuşam. İnşallah, gələn ay- oktyabrın 21-də  onunla Ankarada revanş döyüşümüz olacaq. Ümid edirəm ki, bu döyüşü qələbə ilə başa vuracam.

— Bəzi idman yarışlarında rinqə Azərbaycan və Türkiyə bayraqları ilə çıxmağınızın səbəbi nədir?

— Bunun bir səbəbi var. Türkiyə mənə Azərbaycan qədər əzizdir. Azərbaycanı necə sevirəmsə, Türkiyəni də o cür sevirəm.

— “Bəhram Almaniyanın Köln şəhərində güclü yunanıstanlı rəqibinə qarşı keçirdiyi döyüşün ikinci raundunda nokautla təmiz qələbə qazanaraq, Dünya Kəmərinə sahib çıxdı, bütün Azərbaycan idmansevərlərini sevindirməklə bərabər üçrəngli bayrağımızı yüksəltdi”. Bu yüksək fikirləri Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti, millət vəkili Adil Əliyev Dünya Kəmərini qazananda sizin haqqınızda demişdi…

— Əslində, Azərbaycan kikboksçularının bu günə kimi qazandıqları yüksək uğurları, dünyada tanınması,  kikboksinq idman növünün Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin rəhbərliyi tərəfindən dəstəklənməsi Adil müəllimin sayəsində baş verib.

Adil müəllimin təşəbbüsü ilə həyata keçirilən ölkədaxili və beynəlxalq yarışlarda uğurlu çıxışlarımız,  ölkə çempionatının səviyyəsinin ildən-ilə yüksəlməsi bütövlükdə Azərbaycan idmanının inkişafına təkan verir. Uzun illər kikboksinqlə məşğul olmuş bir idmançı kimi bu məni həddən artıq sevindirir, qazandığımız uğurlar kikboksinqin parlaq gələcəyinin göstəricisidir.

Bildiyiniz kimi mən və həyat yoldaşım Nehir xanım Azərbaycanda kikboks üzrə yığmanın üzvləriyik . Hər ikimiz beynəlxalq yarışlarda Azərbaycan bayrağını dalğalandırırıq. Bizim qazandığımız uğurlarda Adil müəllimin də payı var, o bizim zəhmətimizi çox çəkib. İnanıram ki, Adil müəllimin rəhbərliyi altında bizi qarşıda hələ daha böyük uğurlar gözləyir.

— Gələcəklə bağlı planlarınız necədir?

— Mən ciddi şəkildə oktyabrın 21-də keçirəcəyim döyüşə hazırlaşıram. Hazırda Nehir xanımla birlikdə Türkiyədyik. Uzun müddətdir Urmiyada yaşayan atamla, anamla, doğmalarımla görüşmürəm. Vaxt tapsam, Nehir xanımla onların görüşünə gedəcəyik.

Sonda bir şeyi demək istərdim, buranı özümə doğma Vətən sayıram. Ona görə də, darıxmıram. Bir də, tale elə gətirb ki, həyatımı idmana həsr eləmişəm və sona qədər bu yolda davam edəcəyəm. Ona örə də, uğurlrıma dəstək olanlara, pərəstişkarlarıma, millətimə dərin minnətdarlığımı bildirirəm.

1-5-296x300

1-4-240x300

1-3-195x300

1-2-300x168

Gununsesi.info