İki polisin ölümü ilə bağlı cinayət işi açıldı

  • By admin
  • 10 Noyabr 2017 14:52
 
Bakıda polis əməkdaşları qəzaya düşüb.
Gununsesi.info xəbər verir ki, Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 07.30 radələrində paytaxtın Xəzər rayonu ərazisində, Buzovna-Bilgəh yolunda qeydə alınıb.
Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayına məxsus, polis nəfəri, 1982-ci il təvəllüdlü Qoşqar Salman oğlu Kərimovun idarə etdiyi “Fiat Doblo” markalı, 90 AP 232 dövlət nömrə nişanlı avtomobil yol kənarındakı hasara çırpılıb.
Nəticədə sürücü və maşında olan polis nəfəri, 1987-ci il təvəllüdlü Elnur Eldar oğlu Məsimov ölüb.
Avtomobildə olan daha bir polis nəfəri, 1985-ci il təvəllüdlü Kamal Aftandil oğlu Vəliyev xəsarətlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xəzər rayon Polis İdarəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Gununsesi.info