İlham Əliyev - Milli ideyanı milli uğura çevirən lider

2003-cü ilin payızı Azərbaycan tarixinin ən həlledici mərhələlərindən biri idi. Xalq ya öz ali iradəsi ilə yenicə müstəqillik qazanmış Azərbaycanın dövlətçilik təməllərini qoruyacaq və Ulu Öndər Heydər Əliyevin çoxşaxəli tərəqqi konsepsiyasının davamlılığını təmin edəcək, ya da post-sovet məkanını geopolitik ekspermentlər meydanına döndərmək üçün rəngli inqilablar seriyasına Bakıda start verməyə çalışan Corc Soros milli müqəddəratımızın relslərini dəyişəcək və ölkəmizi siyasi coğrafiyanın əzik bir parçasına çevirəcəkdi. Bax, belə bir mürəkkəb vəziyyətdə – 1 oktyabr 2003-cü ildə Ulu Öndər Heydər Əliyev xalqımıza müraciət etdi və öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü açıqladı.

Ulu Öndərin həmin açıqlaması, əminəm ki, yaddaşlardan silinməyib:

“Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ömrünü xalqına həsr eləmiş Ulu Öndərin bu çağırışı vətəndaşlarımız tərəfindən böyük riqqətlə qarşılandı və seçicilər İlham Əliyevi prezident seçməklə ilk növbədə Heydər Əliyevin siyasi kursuna səs verdilər. 15 oktyabr 2003-cü ildə təşkil olunan seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi. Azərbaycan xalqı onu ağır siyası böhrandan çıxaran, ərazilərimizin işğalını dayandıran və milli dövlət quruculuğunun ideoloji ardıcıllığını təmin edən siyasi kursa sadiqliyini nümayiş etdirdi.

İndi, üzərindən 19 il keçdikdən sonra həmin dövrə boylananda, təkcə ölkəmizdə deyil, bütün dünyada müasir lider obrazı yaratmış prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli inkişaf strategiyalarının praktiki nəticələrini nəzərdən keçirəndə və təhlil edəndə tarixən zəngin dövlətçilik ənənəsinə malik Azərbaycan xalqının nə qədər doğru seçim etdiyi bir daha təsdiqlənir. Bəli, SSRİ kimi nəhəng və totalitar bir imperiyadan qoparaq daşlı-kəsəkli müstəqillik yoluna qədəm qoymuş Azərbaycan bir dövlət olaraq öz varlığını təsdiq və isbat etmək dövrünə nə Kommunist partiyasının, nə də Azərbaycan Xalq Cəbhəsinin yetirməsi olan, gücünü, sözün əsl mənasında milli düşüncə sistemimizdən alan İlham Əliyevə güvənərək, etimad göstərərək daxil oldu. Heç kimə sirr deyil ki, mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən həm təşkilatçı, həm də aparıcı qüvvədir. Məhz bu təşkilatçı və avanqard liderin siyasi olimpin zirvəsinə yüksəlməsi ilə ölkəmizdə siyasi sabitlik təmin olundu və inkişafın önü açıldı.

Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində, heç şübhəsiz, Azərbaycan dövlətinin milli maraqlarının İlham Əliyev tərəfindən ən qətiyyətli şəkildə qorunması dayanırdı. İlham Əliyev Azərbaycan siyasi sistemində rasional siyasi davranış modeli tətbiq etdi, məntiqi mühakimələrə və analitik təfəkkürə əsaslanan, mütərəqqi, pozitiv, siyasi realizmə söykənən fəaliyyət nümunəsi ortaya qoydu, arxalandığı dəyərlər və prinsiplərlə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartları, milli siyasi etika nümunəsi təqdim etdi. Prezident İlham Əliyev liberalizmi sorosçu dünya güclərinin Azərbaycana qarşı yeni istismarçı siyasi vasitəyə çevirmələrinə imkan verməyərək, demokratiyanın milli kimliyimizlə, eyni zamanda, müsəlman sosial-psixoloji mühiti ilə uzlaşan yaşam tərzi olduğunu sübut etdi və intellektual əsaslara söykənən modernist cəmiyyət formalaşdıra bildi. Bu gün işğaldan azad olunmuş Azərbaycan torpaqlarında salınan ağıllı kənd və şəhərlər məhz bu modernist düşüncə sisteminin təzahürləridir.

Prezident İlham Əliyev deyir: “Qarabağı və Zəngəzuru yenidən quracağıq. Buna heç bir şübhə yoxdur. Nə qədər bahalı olursa-olsun, bunu edəcəyik. Bu, bizim milli ideyamızdır”.

Əgər diqqət edirsinizsə, Prezident bu yığcam bəyanatında bir açar ifadə var: “MİLLİ İDEYA!”

Beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bilən prezident İlham Əliyev MİLLİ İDEYA uğrunda sistemli şəkildə mücadilə apardığı üçün sorosçuların da, islamofob dairələrin və antiazərbaycançı mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri “idarə olunan xaos” planını məharətlə pozdu və pozmaqdadır. O, məhz MİLLİ İDEYA müstəvisində hərəkət edərək və MİLLİ İDEYANI MİLLİ UĞURA çevirərək xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmalardan qorudu. İlham Əliyev islamofobların və infoimperialistlərin müsəlman şərqində uğurla həyata keçirdikləri “lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə” siyasətinin ölkəmizdə həyata keçirilməsinin qarşısını böyük məharət və ustalıqla aldı. Bu hücuma qarşı dəqiq və olduqca incə düşünülmüş milli vətənpərvərlik, milli mənəviyyat və milli ailə sipərini çəkdi.

İlham Əliyev “neft kapitalını insan kapitalına çevirək” şüarı ilə kreativ gənclik yetişdirmək məsələsini strateji vəzifə kimi müəyyənləşdirdi və bununla da Azərbaycanın gələcək inkişafını təmin etdi. O gənclik, məhz İlham Əliyevin hakimiyyət dövründə formalaşan vətənpərvər və hərbi biliklərə, bacarıqlara yiyələnmiş yeni yaş nəslinin nümayəndələri Qarabağı düşmən tapdağından azad etdi. 2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə yaranan “əminliyi” darmadağın etdi. İlham Əliyevin fiziki və siyasi mənada çəkdiyi bütün yollar Qarabağa, Qarabağın azadlığına aparırdı. Prezidentin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə atılan hər bir addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması!

2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. Ancaq bu tarixi zəfər heç də tam olaraq 44 gün ərzində ərzində qazanılmamışdı. Ötən müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer almışdı. Bunun üçün Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülmüşdü. Azərbaycanda güclü müdafiə sənayesi qurulmuşdu. Bu gün Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir. Bu gün Azərbaycan ordusunun 44 günlük savaşda tətbiq etdiyi taktika və strategiya dünyanın ən aparıcı hərbi akademiyaları tərəfindən öyrənilir. Fəqət Azərbaycanı arxitekturası çökmüş beynəlxalq münasibətlər sistemində qətiyyətli siyasi mərkəzə çevirən təkcə Cənubi Qafqazdakı hərbi qüdrəti deyil, ölkəmizin beynəlxalq nüfuzunun artması, eyni zamanda, “yumşaq güc amili”nə bağlıdır.

2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiya islahatları ilə bağlı keçirilən referendumunun nəticələrinə görə ölkəmizdə Birinci vitse-prezidentlik institutu yaradıldı. Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı müvafiq sərəncama əsasən Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olundu. Dövlət idarəçiliyində funksional vahid kimi Birinci vitse-prezidentlik institutunun yaradılması Azərbaycanın müasir demokratik simasının yeni və mütərəqqi parametrinə çevrildi. Belə ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti dövlət idarəçilik sisteminə müasirlik qatdı və peşəkarlıq amilinin aktuallığını artırdı. Mehriban xanımın fəaliyyət istiqamətlərinə baxsaq, “yumşaq güc” amilinin Böyük Qələbənin əldə olunmasında və Zəfər nəticəsində yaranan yeni reallıqda nə qədər effektiv səciyyə daşıdığını əyani şəkildə görmüş olarıq.

Özünün də ifadə etdiyi kimi, müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu, Böyük Qayıdış təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına dönüşünü də əhatə edəcəkdir. İndi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib.

Fəzail AĞAMALI,
“Ana Vətən” Partiyasının sədri, millət vəkili

Gununsesi.info