İlham Əliyev Binəli Yıldırımla təkbətək görüşdü

  • By admin
  • 03 İyun 2016 15:18

 Binali

Bu gün Azərbaycana səfərə gələn Türkiyənin baş naziri Binəli Yıldırımın rəsmi qarşılanma mərasimi olub.

Gununsesi.info-nun məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib.

Prezident İlham Əliyev B. Yıldırımı qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Türkiyənin baş nazirinə raport verib.

Türkiyə və Azərbaycanın dövlət himnləri səslənib. Prezident İlham Əliyev və B. Yıldırım fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Türkiyənin baş naziri Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycan dövlət və hökumət nümayəndələri B. Yıldırıma, Türkiyənin nümayəndə heyətinin üzvləri prezident İ. Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan prezidentinin və Türkiyə baş nazirinin qarşısından keçib. Prezident İlham Əliyev və B. Yıldırım rəsmi foto çəkdiriblər.

Daha sonra Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım ilə təkbətək görüşü olub.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub.

Türkiyənin Baş naziri vəzifəsinə seçildikdən sonra Binəli Yıldırımın ilk səfərini Azərbaycana etməsinin əhəmiyyəti vurğulanıb. Bu səfərin əlaqələrimizin daha da genişləndirilməsinə töhfə verəcəyi qeyd edilib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, iqtisadi əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.

 

Gununsesi.info