İlham Əliyev Nardaran yolunda maşın sürdü - FOTOLAR

  • By admin
  • 21 İyun 2016 15:18

aLIYEV DFRIVES A CAR

 

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu rayonu ərazisində əsaslı şəkildə yenidən qurulan Maştağa-Bilgəh yolunun, həmçinin Nardaran qəsəbəsində Abşeron və Nəsrulla Əsgərov küçələrinin açılışında iştirak edib.

Gununsesi.info xəbər verir ki, “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına Sabunçu rayonu ərazisində həyata keçirilən yol-tikinti işləri barədə məlumat verdi.

 

1466499

 

Prezident İlham Əliyevin 2016-cı il 7 mart tarixli Sərəncamı ilə əsaslı şəkildə yenidən qurulan Maştağa-Bilgəh avtomobil yolu 63 min nəfər əhalinin yaşadığı 3 qəsəbəni birləşdirir. Uzunluğu 9 kilometr olan bu yolun hərəkət hissəsinin eni əvvəllər 7 metr idi. Yolun asfalt-beton örtüyünün yararsız vəziyyətə düşməsi, səkilərin olmaması həm avtonəqliyyat vasitələrinin normal hərəkətində, həm də vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişində problemlər yaradırdı. Tikinti işləri zamanı yolun eni 9,5 metrə qədər genişləndirilib. Bundan başqa, yol yatağının deformasiyaya uğramış hissələri bərpa edilib, köhnə asfalt-beton örtüyü yenilənib.

Maştağa-Bilgəh avtomobil yolunun kənarlarında 1 və 2 metr enində səkilər tikilib, yeni işıq dirəkləri və yol nişanları qoyulub. Bu yolun yenidən qurulması ilə nəqliyyat vasitələrinin inşası davam edən Dənizkənarı dairəvi və Zabrat-Maştağa-Buzovna avtomobil yollarına rahat və maneəsiz çıxışı təmin olunub.

Prezident İlham Əliyevə Nardaran qəsəbəsindəki Abşeron və Nəsrulla Əsgərov küçələrinin yenidən qurulması layihəsi barədə də məlumat verildi.

 

146t69

 

Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Nazirlər Kabinetinin sərəncamı ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin ehtiyat fondundan “Azəravtoyol” ASC-yə ayrılan vəsait hesabına bu küçələrdə tikinti altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi, yolların genişləndirilərək yenidən qurulması, su, kanalizasiya və rabitə xətlərinin yenilənməsi işləri aparılıb. 2016-cı ilin martında imzalanan Sərəncamla işlərin davam etdirilməsi üçün “Azəravtoyol” ASC-yə əlavə vəsait ayrılıb və küçələrin yenidən qurulması işləri bu qurum tərəfindən yekunlaşdırılıb.

Bildirilib ki, 2360 metr uzunluğunda Abşeron küçəsinin yenidənqurmadan əvvəl hərəkət zolaqlarının sayı iki, eni isə orta hesabla 8 metr olub. Küçənin uzun müddət təmir edilməməsi, ensizliyi, hərəkət hissəsinin sıradan çıxması, səkilərin və işıqlandırma sisteminin olmaması nəqliyyatın və piyadaların hərəkətində böyük çətinliklər yaradırdı. Layihəyə əsasən, yolun eni genişləndirilərək dördzolaqlı olmaqla 18 metrə çatdırılıb. Küçə boyu hər iki istiqamət üzrə 2 metr enində yeni səkilər tikilib. Abşeron və Nəsrulla Əsgərov küçələrinin kəsişməsində yeni dairə inşa olunub.

 

146649669

 

Nardaran qəsəbəsinin mərkəzindən Rəhimə xanım ziyarətgahına qədər 1050 metr uzunluğunda Nəsrulla Əsgərov küçəsinin eni əvvəllər 6 metr olub. Layihə çərçivəsində yolun eni genişləndirilərək 16 metrə çatdırılıb. İkitərəfli işıqlandırma dirəkləri quraşdırılaraq tam yeni müasir yol infrastrukturu yaradılıb. Hazırda bu küçə 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir. Burada hər iki istiqamət üzrə 2 metr enində yeni səkilər tikilib. Rəhimə xanım ziyarətgahının qarşısında avtomobillər üçün dayanacaq da yaradılıb.

Yüksək keyfiyyətlə aparılan işlər zamanı hər iki küçə boyu yeni hasarlar tikilib, həyətlərə dekorativ giriş qapıları qoyulub, yeni yeraltı qaz, işıq, rabitə, su və kanalizasiya xətləri çəkilib, köhnələri isə tamamilə təzələnib.

Azərbaycan Prezidentinə hazırda inşası davam etdirilən Ramana-Maştağa avtomobil yolu ilə bağlı da məlumat verildi.

Dövlətimizin başçısının bu ilin martında imzaladığı Sərəncama əsasən, tikintisi “Azəravtoyol” ASC tərəfindən davam etdirilən Ramana-Maştağa yolunun uzunluğu 11 min 500 metrdir. Yolun hazırda eni 6-7 metrdir. Genişləndirildikdən sonra yolun eni 8-9 metrə çatdırılacaq, hərəkət zolaqlarının sayı isə iki olacaq. Təmir işləri zamanı su, qaz, elektrik və rabitə xətləri köçürülüb.

Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Maştağa-Bilgəh yolunun, həmçinin Nardaran qəsəbəsində Abşeron və Nəsrulla Əsgərov küçələrinin rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı yeni yolda avtomobili idarə etdi. Sonra Prezident İlham Əliyev Nardaran qəsəbəsinin sakinləri ilə görüşdü.

Qəsəbə sakini Ağasəid Orucov göstərdiyi yüksək diqqət və qayğıya görə nardaranlılar adından Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi.

Sonda xatirə şəkli çəkdirildi. Daha sonra Prezident İlham Əliyev Nardaran qəsəbəsindəki Rəhimə xanım ziyarətgahı ilə tanış oldu.