
Dünən keçirilən prezident seçkilərində xalqın səsləri ilə inamlı qələbə qazanan İlham Əliyev uğurunun sevincini xalqla paylaşıb.
Gununsesi.info xəbər verir ki, İlham Əliyev Bakıda, Heydər Əliyev Mərkəzinin qarşısında bu qələbə münasibətilə təşkil olunan konsertdə xalqa müraciət edib: “Mənə yenidən göstərilən dəstəyə görə təşəkkürümü bildirirəm. Həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm. Fəaliyyətimdə xalqın dəstəyi əsas rol oynayır. Həmişə çalışmışam xalqa sədaqətlə, ləyaqətlə xidmət edim. Azərbaycan xalqı dünən seçimini etdi, bir daha bizim siyasətimizə səs verdi. Sabitliyə, inkişafa, tərəqqiyə, müstəqil siyasətimizə səs verdi. Sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu gün ən yüksək zirvələrə çatıb. Bizim beynəlxalq nüfuzumuz gündən-günə artır, Azərbaycan dünya miqyasında çox böyük hörmətə layiq ölkədir, daxili vəziyyətimiz sabitdir”.
İlham Əliyev bildirib ki, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır, bütün azadlıqlar təmin olunur.
Dövlət başçısı qeyd edib ki, keçirilmiş prezident seçkiləri bir daha onu göstərdi ki, Azərbaycanda bütün azadlıqlar təmin olunur, ölkə demokratiya yolu ilə uğurla gedir. Prezident qeyd edib ki, açıq, şəffaf, ədalətli şəkildə keçirilmiş seçkilər Azərbaycan xalqının iradəsini əks etdirir: “Seçkilərdə göstərilən dəstək məni daha da ruhlandırır, daha böyük güc verir. Seçkilərdə xalqımız görülən real işlərə eyni zamanda görüləcək işlərimizə, xoşbəxt gələcəyimizə səs verib. Əminım ki, ölkəmiz bundan sonra da uğurla inkişaf edəcək. Azərbaycan bundan sonra da sabitlik, təhlükəsizlik şəraitində yaşayacaq”.
Gununsesi.info












