Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Gununsesi.info-nun məlumatına görə, nazir Mövlud Çavuşoğlu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. Mövlud Çavuşoğlu deyib:
“Mən buraya gəlməzdən əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışdım, dedim ki, cənab Prezident bizi qəbul edəcək. O dedi ki, cənab Prezidentə çoxlu salamlarım var və İlham qardaşımdan soruş, onun bir tapşırığı varmı?”
Türkiyə Prezidentinə möhkəm cansağlığı arzulayan dövlətimizin başçısı deyib:
“Bilirsiniz ki, hörmətli Prezidentlə biz çox yaxınıq. Bizi dostluq və qardaşlıq əlaqələri bağlayır”.
Prezident İlham Əliyev ölkələrimizin müxtəlif nazirliklərinin rəhbərləri arasında da sıx əlaqələrin mövcud olmasından məmnunluğunu ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.
Gununsesi.info