İlin sona qalan 4 ayı: manatı nə gözləyir?

  • By admin
  • 18 Avqust 2016 18:50

403526344

“Valyuta və neft bazarları arasında əlaqə və dinamikanı izləyən təhlilçilər yaxşı bilir ki, qısamüddətli dövrdə  neft bazarında baş verən proseslər manatın məzənnəsində özünü göstərmir. Məsələn, dünya neft birjalarında qiymət dinamikası ilə rus rublunun məzənnəsi arasında əlaqə birbaşadı”.

Bu haqda İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyini ekspert Rövşən Ağayev qeyd edir.

Gununsesi.info xəbər verir ki, R.Ağayev neftin qiymətinin rus rublunun məzənnəsinə təsirlərini iki səbəbə bağlayır. Birincisi, Rusiya Mərkəzi Bankı rublu sərbəst buraxıb, lakin Azərbaycan Mərkəzi Bankı formal bəyan etməsinə rəğmən manatın məzənnəsini sərt şəkildə tənzimləyir.

İkincisi, Rusiyada bazar infrastrukturunun vacib elementləri olan maliyyə və fond bazarları fəaliyyət göstərir, həmçinin Rusiyanın dünya fond birjalarınının listinqində olan, bu birjalar vasitəsilə səhmlərinin dəyəri formalşan şirkətləri mövcuddur. Rusiya iqtisadiyyatının özülünü neft təşkil etdiyi üçün təkcə rublun deyil, həmin şirkətlərin kapitalizasiyasına da neftin qiyməti təsir edir. Dolayısı ilə isə rublun dəyərini neftlə yanaşı fond bazarında Rusiya şirkətlərinin səhmlərinin dəyəri, daxili fond bazarında isə “rus indeksləri” təsir edir.

R.Ağayev qeyd edir ki, manat isə belə “yan təsirlər”dən tam azaddır: “Ölkədə fond bazarı yoxdur. Eynilə, beynəlxalq fond bazarlarında listinqə düşən milli şirkətlər yoxdur, deməli, arxasında neftin dayandığı iqtisadiyyatda baş verənlərin həmin şirkətlərin kapitalizasiyasına, bu faktoruun isə manatın dəyərinə təsiri istisnadır”.

İqtisadçıya görə, manata orta və uzun müddətli dövrdə (ən azı 3 ay və daha uzun müddətə) birbaşa neft ixracının təsiri altında olan tədiyyə balansının vəziyyəti təsir göstərir: “ Məsələn, 1-ci rübün nəticələrinə görə, ölkənin tədiyyə balansının ümumi mənfi saldosu 1.3 milyard dollara, cari hesablar balansının mənfi saldosu 432 milyon dollara çatmışdı. Məhz həmin ərəfədə manatın dollar qarşısında ən ucuz olduğu dövrdür. 3 ay ərzində məzənnə 1.56-1.64 intervalında hərəkət edib”.

R.Ağayev hesab edir ki, manatın məzənnəsinə təsir edən çox vacib amillərdən biri bank sektorunun davranışlarıdır. Belə ki, bank sektorunun xalis valyuta mövqeyi müsbət olduqda manatın xarici valyutalar qarşısında dəyər itirməsi riski xeyli azalır: “Bu baxımdan Azərbaycanın bank sektorunun hazırkı vəziyyəti yaxşı deyil. Belə ki, ilin əvvəlində bankların xarici aktivləri öhdəliklərini 14 faiz üstələyirdi-5.4 milyard dollar aktiv, 4.6 milyard dollar öhdəlik vardı. İyulun əvvəlinə olan məlumata görə isə vəziyyət tam əksinədir: bankların xarici öhdəlikləri aktivlərini 27 faiz üstələyir -3.4 milyard dollar aktiv, 4.3 milyard dollar öhdəlik var.  Rəqəmlərə diqqət edək: 6 ay ərzində bank sektorunun xarici öhdəlikləri cəmi 300 milyon azalıb, amma xarici aktivləri 2 milyard dollar. Bu o deməkdir ki, xarici öhdəliklərin icrasıdan sonra bank sektorunun “əriyən” 1.7 milyard dollarlıq valyuta vəsaiti də manatın qorunmasında Mərkəzi Banka və Neft Fonduna dəstək verməsi kifayət qədər real ehtimaldır. Bankların xalis xarici aktivlərinin belə sürətlə əriməsinin yaxın zamanlada ən azı 2 mənfi nəticəsini göstərmək olar: manatın qorunmasında daxili valyuta bazarına bank sektorunun dəstək imkanı azalır və bankların xarici öhdəlikərini icra etmək üçün zəruri həcmdə likvid valyutaya malik olmaması onların reytinqini kəskin şəkildə pisləşdirəcək. Manatın dollar qarşısında ən baha olduğu vaxtlar aprel-iyun ayları oldu. Məhz həmin 3 ayda bankların xarici aktivləri 2 milyard dollar “əriməyə” məruz qalıb.

Bankların valyuta mövqeyinə təsir göstərən ikinci amil daxili resurlar üzrə valyuta aktivlərinin və öhdəliklərinin nisbətidir. Söhbət əlbəttə ilk növbədə valyuta ilə kreditlərin və depozitlərin nisbətindən gedir.  İlin əvvələlində bank sektorunun valyuya kreditləri (aktivləri) və valyuta depozitlərindən cəmi 8% az (585 milyon dollar) idi. İyulun əvvəlinə bu fərq 20%-ə (1.5 milayrd dollara) çatıb.

Hər 2 fakt bank sektorunun xalis valyuta mövqeyinin qısa müddətdə müsbətdən mənfiyə keçdiyini aşkar göstərir”.

“Nəhayət, manatın taleyinə təsir göstərən həlledici amil hökumətin xərcləmələridir. Hökumət 2016-cı ildə icmal büdcə (Neft Fondu, dövlət büdcəsi, Sosial Müdafiə Fondu və xaricdən alınan kreditlər üzrə birgə xərcləmələri) 24.5 milyard manat xərcləməyi planlaşdırır. Bu vəsaitlərin ən azı 13 milyard manatı neft gəlirləri hesabına təmin edilməlidir. Nəzərə alaq ki, ilin ilk yarısında hökumət icmal büdcənin proqnoz edilən həcminin cəmi üçdə birini (8.2 milyard manat) xərcləyib. İkinici yarıda isə yerdə qalan 70%-ni xərcləməlidir – əgər büdcəni tam icra etməyi hədəfləyibsə. Xüsuilə də 6 ayda Neft Fondunun büdcəsi illik proqnozun cəmi 25%-i qədər xərclənib”,-deyə iqtisadçı vurgulayır.

R.Ağayev bildirir ki, hökumət sekvestrə getmədən icmal büdcəni proqnoza uyğun icra etməyi qərara alıbsa, Mərkəzi Bank ilin sonrakı ayların manatın yüksək məzənnəsini qorumaqda maraqlı olacaq. Bu hökumətin fiskal maraqları baxımındam çox önəmlidir: “Eyni zamanda bankların xalis valyuta mövqeyi mənfidir, bank sektorunun yaxın müddətdə valyutaya tələbi yüksək olacaq. Bu amil də manata tələbin yüksək olacağını və məzənnənin ən azından 1.55-1.65 intervalında hərəkət etməsini stimullaşdıracaq”.

 

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info